Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCANDA ƏHALİNİN SAYI 10 MİLYONA YAXINLAŞIR

06 sentyabr 2018 | 16:00

14 İL ƏRZİNDƏ ÖLKƏ ƏHALİSİ 1,5 MİLYON NƏFƏR ARTIB

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il iyun ayının 1-i vəziyyətinə Azərbaycanda əhalinin  sayı 9 milyon 929 min 13 nəfər olub. İlin ilk 5 ayı ərzində əhali 0,3 faiz artıb.Azərbaycanda əhali əsasən təbii artım hesabına çoxalır. Yəni, doğulanların sayı ölənlərin sayını üstələyir. Sözügedən dövr ərzində də belə olub. Ölkədə 55 min 653 körpə dünyaya göz açıb. Dünyasını dəyişənlərin sayı isə 25 min 257 nəfər təşkil edib. Beləliklə, doğulanların sayı ölənlərin sayından iki dəfədən artıqdır.Ötən il Azərbaycanda əhali 0,9 faiz artıb. Ölkədə 144 min 41 körpə  dünyaya göz açıb. Bu , hər gün orta hesabla 395, saatda 16 uşağın doğulması deməkdir. 1293 ailə əkiz övlad sahibi olub. 19 ailə isə üçəmlə sevinib.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına  həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: “Bu gün Azərbaycan əhalisi 10 milyona yaxınlaşır. Bizim əhalimiz sovet dövrünün son mərhələsində 7 milyon, bəlkə də ondan bir qədər çox idi. Görün, müstəqillik illərində əhalimiz  nə qədər artıb. Bu, bizim gücümüzdür, gücümüzü artırır. Eyni zamanda, qarşımıza vəzifələr qoyur”.
Ölkədə çoxsaylı iş yerlərinin yaradılması indi uşaq və yeniyetmə olan Azərbaycan vətəndaşlarının sabahına, yeni məktəblərin, uşaq bağçalarının, tibb müəssisələrinin tikilməsi əhalinin  getdikcə artmasına hesablanıb.
Dünyanın bir sıra ölkələrində isə demoqrafik böhran yaşanmaqdadır. Bir çox yerlərdə əhali təbii yolla azalır, yəni, doğumun səviyyəsi aşağı düşür, ölənlərin sayı artır. Elə ölkələr var ki, orada əhali miqrasiya nəticəsində azalır. Yəni, həmin ölkədən xeyli insan daimi yaşamaq üçün köçüb digər yerlərə gedir.
İkinci Dünya Müharibəsindən əvvəlki illərdə respublika əhalisinin ümumi sayında kişilərin xüsusi çəkisi qadınlardan çox olsa da, sonrakı illərdə əhalinin ümumi sayında qadınlar üstünlük təşkil edib. Lakin 2003-cü ildən etibarən kişilərin sayı tədricən artmağa başlayıb və 2014-cü il yanvarın 1-i vəziyyətinə əhalinin 49,7 faizi qədər olub.Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 2000-ci ildəki 46,5 faizdən 2009-cu ildə 46 faizədək azalıb.

2016-2017-ci illərdə  doğulan körpələrin 46,8 faizini  qızlar təşkil edib. Başqa sözlə, yeni doğulan hər 100 qıza 114 oğlan düşür. Bioloji normaya görə isə 114 deyil, 105-107-dir.BMT Katibliyinin iqtisadi və sosial məsələlər departamentinin məruzəsində dünyanın  demoqrafik vəziyyəti və onun dəyişməsi perspektivləri barədə məlumat verilir. Məruzə müəlliflərinin fikrincə, doğumun səviyyəsinin aşağı olmasına baxmayaraq, planet  sakinlərinin sayı ildə orta hesabla 83 milyon nəfər artacaq. Beləliklə, 2030-cu ildə  dünya əhalisi indikindən milyard nəfər çox olacaq. 2050-ci ildə bu rəqəm 9,8 milyard, 2100-cü  ildə isə 11,2 milyard nəfərə çatacaq. Bu, əsasən orta ömrün artması hesabına baş verəcək.
Hazırda planetin əhalisinin 40 faizini Çinin və Hindistanın sakinləri təşkil edir. Nigeriya isə əhalisinin daha sürətlə artması ilə fərqlənir.
Demoqraflar indi dünyada əhalinin  təbii artımının orta hesabla azalmasının müşahidə olunduğunu söyləyirlər. Təbii ki, doğumun səviyyəsi heç də hər yerdə eyni deyil. İnkişaf etmiş ölkələrdə bu göstərici aşağı səviyyədədir. Bir sıra yerlərdə isə həddindən artıq yüksəkdir. Məsələn, dünya əhalisinin  sayı əsasən Afrika, Okeaniya, Asiya, Latın Amerikası hesabına artır. Odur ki, bəzi ölkələrdə  doğumun səviyyəsini yüksəltmək, bəzilərində isə azaltmaq üçün müvafiq siyasət yürüdülür.Mənfur  qonşularımızın yaşadığı Ermənistan respublikasındakı demoqrafik  vəziyyətdən isə heç danışmağa dəyməz. Buradan digər ölkələrə kütləvi köç ildən-ilə geniş vüsət alır. İşsizlik, yoxsulluq, biznes imkanlarının olmaması, korrupsiya, diktatura erməniləri baş götürüb digər ölkələrə getməyə və geriyə dönməməyə vadar edir.Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran  vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: “Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min  insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni, bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhval-ruhiyyəsi də yaxşı səviyyədə olmaz”.
Azərbaycan vətəndaşları  sabaha ümid və inamla baxırlar.
Ölkəmizdə əhalinin təbii yolla artmasını müsbət hallardan biri kimi dəyərləndirən Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycan əhalisi artır. Bu, böyük üstünlüyümüzdür. Azərbaycan əhalisi nə qədər artsa, biz o qədər də güclənəcəyik”.

Keçidlər