Şriftin ölçüsü :

Saytın rəngi :

YAP YEVLAX RAYON TƏŞKİLATININ ŞURA İCLASINDA

17 iyul 2018 | 16:00

YAP Yevlax rayon təşkilatında geniş şura iclası keçirilmişdir. İclası təşkilatın sədri, millət vəkili İlham Məmmədov açaraq gündəlikdə duran məsələ barədə məlumat vermişdir. Bildirmişdir ki, partiyanın nizamnaməsindən irəli gələn vəzifələri daim diqqətdə saxlamaq, struktur heyətinin toplantılarını vaxtında keçirmək vəzifə borcumuzdur. Biz eyni zamanda ölkəmizdə, eləcə də Yevlax şəhərində baş verən və cərəyan edən ictimai-siyasi məsələlərdən xəbərdar olmalı, işimizi məhz bu istiqamətdə qurmalıyıq. Bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də biz partiya fəallarının üzərinə düşən vacib və təxirəsalınmaz vəzifə cənab Prezidentin, Yeni Azərbaycan Partiyası sədrinin müvafiq tövsiyə və tapşırıqlarını zamanında yerinə yetirməklə ölkəmizin inkişafı naminə xidmət göstərməkdir.
Sonra YAP Yevlax rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əli Quliyev ötən 6 ay ərzində idarə heyətinin fəaliyyətindən danışmışdır. Qeyd etmişdir ki, iş bölgüsünə əsasən ilk təşkilatlarda nizam-intizam, sənədləşmə işlərinin yoxlanılması, eyni zamanda siyasi maarifləndirmə işinin qurulması qaydasında olmuşdur. Natiq bildirmişdir ki, YAP Yevlax rayon təşkilatının 85 məhəlli-ərazi ilk partiya təşkilatında 8811 nəfər partiya üzvü təmsil olunur ki, onlardan 103 nəfəri partiya sıralarına bu ilin 6 ayı ərzində daxil olanlardır. YAP Yevlax rayon təşkilatı öz işini partiya nizamnaməsinin tələbləri istiqamətində qurur və bu tendensiyanı bundan sonra da davam etdirəcəyik.

YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov gündəlikdə duran növbəti məsələ barədə də öz fikrini bildirmişdir. Qeyd etmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasəti nəticəsində uğurlarımız getdikcə artır. Lakin təəssüfləndirici haldır ki, ölkəmizin bu inkişafını gözü götürməyən bəzi ünsürlər və xarici qüvvələr respublika daxilində çaxnaşma yaratmağa çalışır, sabitliyi pozmağa cəhd edirlər. Lakin unutmaq lazım deyil ki, qüdrətli Azərbaycan dövləti var və onun dünya səviyyəsində tanınmış siyasi lideri hər zaman xalqının yanındadır, ölkəmizin müstəqilliyini və suverenliyini qorumaq gücündədir.
YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova da 6 ay ərzində həyata keçirilən uğurlu layihələrdən söhbət açdı. Təşkilatın həm prezident seçkilərində, həm də rayonun ictimai-siyasi həyatında fəal iştirakını yüksək dəyərləndirdi. Son vaxtlar baş verən hadisələrə münasibət bildirən Əminə Əhmədova qeyd etdi ki, ölkənin inteqrasiyasını gözü götürməyən qüvvələr müxtəlif təxribat yollarına əl atırlar. Lakin heç bir qüvvə müasir, müstəqil Azərbaycanın dövlətçiliyinə əngəl ola bilməz.
Tədbirdə YAP Yevlax rayon təşkilatının sədr müavini Vahid Quliyev, şura üzvlərindən Zahid Qarayev, Knyaz Əliyev və başqaları Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının fəaliyyətini təqdirəlayiq hesab edərək bu partiyanın getdikcə artan nüfuzundan danışdılar. Ölkəmizin dinamik və sürətli inkişafı istiqamətində Prezidentimizin uğurlu daxili və xarici siyasətini yüksək dəyərləndirdilər.

Keçidlər