YENİ İLİ YENİ MƏKTƏBDƏ QARŞILAMAĞIN SEVİNCİ
Rayonun Aran qəsəbə 2 nömrəli tam orta məktəbinin müəllimləri və şagirdləri üçün yola salmaqda olduğumuz 2012-ci il düşərliliyi ilə yadda qalacaq. Məhz bu ilin ilk aylarından onlar üçün olduqca müasir və gözəl bir məktəbin tikintisinə start verildi. İndi hər yerdə insanların yeni ili qarşılamağa hazırlaşdıqları günlərdə artıq məktəb istifadəyə tam hazır vəziyyətdədir. Və qarşıdan gələn 2013-cü ildə məktəb kollektivi cari dərs ilinin ikinci yarısına 360 şagird yerlik yeni tədris ocağında davam edəcəklər.
Ənənəvi açılış mərasimi burada da təntənə ilə keçirildi.
Bununla əlaqədar düzənlənən tədbiri Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Sevil Əliyeva açdı.
Dövlət himnimizin səslənməsindən sonra söz qəsəbə ziyalısı, Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi İlyas Səfərova verildi. O, Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizin sürətli inkişafından, bütün sahələrdə böyük uğurlar əldə olunmasından danışdı, bildirdi ki, ulu öndərin millətin gələcəyi adlandırdığı təhsilimizə qayğı da dövlət başçısının fəaliyyətinin prioritetidir. Ölkəmizdə, o cümlədən də Yevlaxda təhsilin maddi-texniki bazasının daha da yaxşılaşdırılmasını, yeni məktəblərin tikilib istifadəyə verilməsini, onların məktəb ləvazimatları ilə təmin edilməsini, şagirdlərin pulsuz dərsliklərlə və dərs vəsaitləri ilə təminini bunun bariz nümunəsi kimi dəyərləndirən natiq sonra diqqəti sakini olduğu qəsəbəyə yönəltdi.
Bildirdi ki, respublikanı başdan-başa dəyişən, gözəlləşdirən abadlıq-quruculuq işləri Aran qəsbəsini də tanınmaz dərəcədə dəyişdirib. Bu qəsəbədə sosial təyinatlı bütün obyektlər yeni binalarda fəaliyyət göstərir. İndi onların sırasına yeni məktəb də əlavə olunur.Bütün qəsəbə sakinləri bunu əhəmiyyətli hadisə və dövlət başçısının Yeni il hədiyyəsi kimi dəyərləndirir və qəbul edir, sonsuz minnətdarlıqlarını bildirirlər.
Məktəbin müəllimi Mahirə Bağırova çıxışında bildirdi ki, Aran qəsəbə 2 nömrəli orta məktəb 1960-cı ildə istifadəyə verilmiş birmərtəbəli, olduqca əlverişsiz, darısqal, heç bir istilik təchizhatı olmayan binada fəaliyyət göstərib. Bununla belə təhsildə əldə etdiyi uğurlara görə rayonun qabaqcıl məktəbləri ilə bir sırada dayanıb. Məktəbin yetirmələrinin müxtəlif fənn olimpiadalarında, hərbi idman oyunları yarışmalarında əldə etdiyi nailiyyətlər həmişə sevindirici olmuşdur. Bunu ali məktəblərə qəbulun ötən ilki nəticələri haqqında da söyləmək olar.
Ötən tədris ilində məktəbi bitirən 30 məzundan 20-sinin ali məktəblərə qəbul imtahanlarında iştirakını və 20-sinin də tələbə adını qazanaraq valideynlərinə və müəllimlərinə sevinc hissləri yaşatdığını söyləyən M.Bağırova yeni təhsil sisteminin tələblərinə uyğun, müasir və gözəl məktəbdə ikiqat artıq məsuliyyət və vicdanla çalışmaqla göstərilən qayğıya cavab verəcəklərini dedi.
Millət vəkili İlham Məmmədov çıxışında xüsusi vurğuladı ki, xalqın təkidli tələbi ilə respublikada ikinci dəfə hakimiyyətə gələndə ümummilli lider Heydər Əliyev bütün sahələrlə yanaşı təhsilin də inkişafını prioritet elan etdi. Çox xoşdur ki, ulu öndərin layiqli varisi möhtərəm Prezidentimiz İlham Əliyev cənabları da bu xəttə sadiq qalıb. Ölkəmizdə son vaxtlar bir-birinin ardınca tikilib istifadəyə verilən təhsil ocaqları bunun bariz nümunəsidir. Və Aran qəsəbəsində belə təhsil ocaqlarından birinin açılış mərasiminin iştirakçısı olmaq olduqca sevindiricidir.
Sonra söz Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədova verildi. Çıxışını məktəb kollektivini təbriklə başlayan ŞİH Başçısı bildirdi ki, ölkə başçısının təhsilə xüsusi diqqətinin, həssaslığının və qayğısının nəticəsidir ki, təkcə yola salmaqda olduğumuz 2012-ci ildə artıq üçüncü məktəb istifadəyə verilir. Bu hələ son deyil. Hazırda rayonun Balçılı kəndində və şəhərdə bir tam orta məktəbin tikintisi davam etdirilir. Bundan başqa 4 məktəbin tikintisi üçün layihələr hazırlanır. Gələn il həmin məktəblərin tikintisinə start veriləcək.
Aran qəsəbə 2 nömrəli orta məktəbin fəaliyyətinə də toxunan Qoca Səmədov nəticələrin ürəkaçan olduğunu söylədi və əmin olduğunu bildirdi ki, məktəbin pedaqoji kollektivi onlar üçün yaradılmış şəraitdən istifadə edərək təlim-tərbiyə işlərini yüksək səviyyədə həyata keçirəcək.
Mərasimdə «Çarbağ-İnşaat» MMC-nin məktəb tikintisində fərqlənən inşaatçılarından bir qrupuna fəxri fərmanlar və hədiyyələr verildi.
Toplaşanların alqış sədaları altında məktəbin rəmzi açılış lenti kəsildi. Şəhər rəsmiləri sinif otaqları, fənn kabinetləri, laboratoriya, idman zalı, şagird yeməkxanası ilə tanış oldular, görülən işlərdən məmnunluqlarını bildirdilər.