Şriftin ölçüsü :

Saytın rəngi :

“BİZ ÇALIŞMALIYIQ Kİ, İSLAM ALƏMİNİN BİRLİYİNİ TAM TƏMİN EDƏK”

10 iyun 2018 | 16:00

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident İlham Əliyev öz çıxışında diqqətə çatdırıb ki, səfirlərin təmsil etdikləri ölkələrlə bizim ölkəmizin çox sıx dostluq əlaqələri var.

Dövlətimizin başçısı söyləyib: “Hörmətli səfirlər, sizi salamlayıram. Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Mən fürsətdən istifadə edərək, xahiş edirəm ki, mənim salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.
Bildiyiniz kimi, biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik.Xüsusilə, BMT -dəki əməkdaşlığı mən qeyd etmək istərdim.İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımız çox uğurludur.
Bildiyiniz kimi, uzun illərdir ki, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın tarixi, əzəli torpaqları erməni işğalı altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpaqda qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bizim şəhərlərimiz, kəndlərimiz ermənilər tərəfindən dağıdılıb. Muzeylərimiz talan edilib. Tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş vandallıqdır.
Münaqişənin tezliklə həlli bölgəyə sabitlik, sülh gətirəcək. Münaqişənin tezliklə həlli üçün, ilk növbədə, Ermənistan öz işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarmalıdır və dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməlidir. Bu məsələ ilə bağlı ədalətli mövqeyinizə görə ölkələrinizə və sizə bir daha minnətdaram”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan da öz növbəsində beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını  dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarı olub.

Bu il Azərbaycanın qədim şəhəri olan Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir. İkinci dəfədir ki, Azərbaycan şəhəri bu şərəfli ada layiq görülür. Birinci dəfə Bakı şəhəri bu şərəfli ada layiq görülüb. Bu, bizi çox sevindirir. Bu, onu göstərir ki, bütün müsəlman dünyası Naxçıvanı qədim Azərbaycan diyarı, müsəlman diyarı kimi tanıyır. Naxçıvanda yerləşən, bütün müsəlman ictimaiyyəti üçün önəmli olan abidələrimiz dünya əhəmiyyətli abidələrdir.
Bildiyiniz kimi, Azərbaycan İslam Mədəniyyətinin dünyada təqdim edilməsində də mühüm rol oynayır.Bir çox Avropa ölkələrində keçirdiyimiz sərgilər, təqdimatlar, digər mədəni tədbirlər İslam mədəniyyətini təbliğ edir, İslam dəyərlərini təcəssüm etdirir.Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik.
Sonra Fələstin dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim   Əbdül Rəhim çıxış edərək, Azərbaycan respublikasında akkreditə olunmuş müsəlman ölkələrinin səfirləri və diplomatik missiyalarının rəhbərləri adından müqəddəs Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib: “Bu il Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edir. Sizi və qardaş Azərbaycan xalqını bu mühüm tarixi ildönümü ilə əlaqədar təbrik etmək bizim hamımız üçün olduqca sevindiricidir.
Cənab Prezident, qeyd etmək yerinə düşərdi ki, Sizin sayənizdə bizim müsəlman ölkələrini bir-birinə bağlayan qardaşlıq əlaqələrinin inkişafına təkan vermək məqsədilə Zati-alinizin yenilməz qətiyyətini əks etdirən belə görüşlər ənənə halını alıb.
Müsəlman ümmətinin ayrılmaz və mühüm bir üzvü olaraq Azərbaycan müsəlman aləminin haqq işinə tərəddüd etmədən dəstək olmaqla İslamın həqiqi ruhunu və ismarıcını təcəssüm etdirir.
Xüsusilə Sizin müqəddəs, işğal olunmuş əl-Qüds şəhəri ilə bağlı cəsarətli mövqeyiniz, habelə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Sammitində iştirakınız, o cümlədən bu günün saysız-hesabsız çağırışlarına cavab vermək üçün göstərilən birgə səylərin önündə olmağınızı və bu təhdidlərdən biri olan islamofobiya kimi yanlış təfsirə qarşı mübarizə aparmağınızı qeyd etmək istəyirəm.
Zati-aliləri, müsəlman ölkələrinin səfirləri və diplomatik missiyalarının rəhbərləri adından mən Sizə və ailənizə möhkəm cansağlığı, səadət və uğurlar arzu edirəm. Qardaş Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

Keçidlər