GƏLƏN İLİN ƏN BÖYÜK NAİLİYYƏTİ İSƏ İLHAM ƏLİYEV CƏNABLARININ PREZİDENT SEÇKİSİNDƏKİ NÖVBƏTİ QƏLƏBƏSİ OLACAQ
Əziz yevlaxlılar!
Sizi yeni 2013-cü ilin gəlişi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, hər birinizə cansağlığı, şəxsi həyatınızda və iş fəaliyyətinizdə bol-bol uğurlar arzulayıram.
Növbəti bir illə vida anını yaşayırıq. Tarixə çevrilməkdə olan 2012-ci il ölkəmiz üçün uğurlu illərdən olmuşdur. Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyev cənablarının yeritdiyi sosial-iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir.
Dövlət başçısının düzgün strategiyası nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etdi. Paytaxtın və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri- neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər ölkəmizin uğurlarını şərtləndirdi. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı mühüm uğurlar əldə edildi.
Ötən il bir çox hadisələrlə də yaddaqalan oldu. «Evrovision-2012″ mahnı müsabiqəsinə ölkəmiz ev sahibliyi etdi. Ramil Səfərovun Macarıstandan ekstradisiyası və Vətənə ayaq basan anda ölkə Prezidentinin sərəncamı ilə azadlığa buraxılması aylarla həmvətənlərimizə sevinc, qürur, iftixar hislləri yaşatdı.
Yola saldığımız il şəhərimiz üçün də əlamətdar oldu. Ən əvvəl onunla ki, ölkə Prezidenti İlham Əliyev cənabları şəhərimizdə növbəti dəfə səfərdə oldu, yeni salınmış Bulvar istirahət mərkəzinin və digər obyektlərin açılışlarında iştirak etdi, şəhər ictimaiyyəti nümayəndələri ilə səmimi görüşlər keçirdi, Yevlaxda aparılan tikinti-quruculuq işlərini yenə də yüksək dəyərləndirdi.
2012-ci il sosial-iqtisadi sahədə əldə edilən sevindirici nailiyyətlərlə də Yevlaxın tarixini bəzəyən illər sırasındadır.
Bu günlər daha bir bayramın ovqatı ilə yaşayırıq. Bu, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 1989-cu il dekabrın 31-də Naxçıvan sakinləri Araz çayı boyunca tikanlı məftilləri dağıdaraq cənubda yaşayan soydaşlarımızla həmrəylik nümayiş etdirdilər. Təbii ki, bu hadisəyə siyasi qiymət verən böyük öndərimiz Heydər Əliyev 1991-ci il dekabrın 18-də Naxçıvan Ali Məclisində dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasının qərara alınmasına nail oldu. Bu qərar respublikada da öz rəsmi təsdiqini tapdı.
Azərbaycan xalqı, ümumən dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabr ayının 31-də milli həmrəylik gününü qeyd edir. Qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan xoş amallarla, duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alır. Ürəklərində Vətən eşqi, milli-mənəvi birlik, inkişaf hissləri bəsləyən hər bir vətəndaşımız tərəfindən güclü dəstək alır. İlk dəfə 20 il əvvəl həmrəylik və birlik arzuları ilə dillərə gətirilən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.
Ötən illərdə Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizdə hüquqi, siyasi, iqtisadi, struktur islahatların keçirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xalqın rifahının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülmüşdür. Bu müddətdə təbii ki, Azərbaycan diasporu da inkişaf etmiş, təşkilatlanmış, birləşmək, «çəkici bir yerə vurmaq» istiqamətində nailiyyətlər əldə edilmişdir. Bütün bunlar dünya azərbaycanlılarının birliyi, vahid məram və məqsədlər ətrafında sıx birləşməsini zəruri milli ideyaya çevirmişdir. Biz müharibə şəraitində yaşayan bir ölkəyik. Ölkə başçısının söylədyiyi kimi, «Qələbəyə, ədalətin təntənəsinə gedən yolu qısaltmağın vacib şərtlərindən biri də bizim birliyimiz və həmrəyliyimizdir».
Ölkəmiz ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla həyata keçirilməsi nəticəsində Cənubi Qafqazda söz sahibi statusu qazanıb. Ümummilli liderin layiqli davamçısı olan möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın lider ölkələri sırasında yer alıb. Qarşıdan 2013-cü il gəlir. Bu il Prezident seçkisi ilidir. Əminliklə deyirəm ki, gələn ilin ən böyük nailiyyəti İlham Əliyev cənablarının qələbəsi olacaq!
Bir daha hər birinizi təbrik edirəm.
Bayramlarınız mübarək!