Şakir İMANOV: “GÖRDÜYÜMÜZ İŞİN MƏSULİYYƏTİNİ HƏR AN HİSS EDİRİK”
Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin vəzifəsi Meliorasiya və Su Təsərrüfatı ASC-nin təsdiq etdiyi limit əsasında Yuxarı Qarabağ Kanalı vasitəsilə axıdılan suyu təsərrüfatlara çatdırmaq və kanalın texniki vəziyyətini daim saz saxlamaqdan ibarətdir.
Onu da qeyd etmək yerinə düşər ki, Yuxarı Qarabağ Kanalı respublikada suburaxma qabiliyyətinə və xidmət etdiyi əkin sahəsinə görə ən böyük magistral kanaldır. 1958-ci ildən istismar olunur. Maksimal suburaxma qabiliyyəti 112 kubmetrsaniyədir. Kanal düzən Qarabağın 110 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir ki, bundan da 86 400 hektarı öz axını ilə, 23 600 hektarı isə mexaniki üsulla, yəni nasoslar vasitəsilə suvarılır.
İdarənin fəaliyyəti haqqında bir qədər artıq məlumatı isə rəis Şakir İmanov verir:
-Kanal mənbəyini Mingəçevir Su Anbarından öz axımı ilə götürərək Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Ağdam və İmişli rayonlarını bol suvarma suyu ilə təmin edir. Bundan başqa, yay aylarında Araz çayında suyun səviyyəsi aşağı düşdükdə, su çatışmazlığı yarandığı vaxt Qarabağ kanalı vasitəsilə 25-30 kub/san Bəhramtəpə suqovşağına su verilir. Yay vaxtı bu suyun Bəhramtəpə Hidroqovşağına verilməsi respublikanın İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının təsərrüfatlarını su problemindən xilas edir.
Onu da qeyd etmək olar ki, Yuxarı Qarabağ kanalı 172,4 kilometr uzunluğunda torpaq kanaldır. Baş qurğu giriş və çıxış qapılarından və 1,1 kilometr uzunluğunda tuneldən ibarətdir. Kanal üzərində 14 ədəd səviyyəqaldırıcı qurğu, 45 ədəd paylayıcı qurğu, 1 ədəd akvedük, 3 ədəd dükker, 3,3 kilometr uzunluğunda beton örtüklü cəldaxıdan və 1 ədəd sudüşürən vardır. Bundan başqa, kanalda qəza hadisələrinin qarşısını almaq məqsədilə çaylarla kəsişən hissələrdə, həm də 4 yerdə (Korçay, Tərtərçay , İncəçay və Qarqarçay) sutullayıcı qəza qapıları, kanal üzərində 33 körpü, altında isə 23 ədəd selötürücü qurğu vardır.
-Su böyük nemətdir.-Söhbətimiz zamanı qeyd edir Şakir müəllim. Sonra da əlavə edir: – Amma ondan qənaətlə istifadə etmək, suyun limitə uyğun bölünməsini təmin etməliyik. Belə olduğu halda biz uğurdan, nailiyyətdən danışa bilərik. İşimizin gərəkliliyini, üzərimizə düşən vəzifənin məsuliyyətini hər an hiss edirik. Bu da bizi ləyaqətlə, vicdanla işləməyə sövq edir. Dövlətimizin başçısının ölkənin meliorasiya və su təsərrüfatı sahəsinə, onun inkişafına göstərdiyi diqqət və qayğı da bizi bu gün dünənkindən, sabah isə bugünkündən daha yaxşı işləməyə ruhlandırır.
Ötən il idarə üçün uğurlu illərdən olmuşdur. İstismar tədbirləri planı 1580, 264 min manat əvəzinə 1678,84 min manat məbləğində olmuş, yəni 103 faiz yerinə yetirilmişdir.
İdarənin kollektivi bütün səyləri səfərbər edərək artıq 4 ayını yola saldığımız 2018-ci ili də nailiyyətlərlə başa vurmaq əzmi ilə çalışır.