AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – 100
HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ BAYRAM MƏRASİMİ
Mərasimlə əlaqədar Mərkəzin böyük salonu xüsusi zövqlə bəzədilib. Azərbaycanın üçrəngli dövlət bayrağını əllərində tutan kiçikyaşlı məktəblilər Zülfiyyə Xanbabayevanın böyük məhəbbətlə ifa etdiyi “Azərbaycan” mahnısının sədaları altında iştirakçıları salamlayırlar.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova açır: – Həyatda elə əlamətdar günlər, hadisələr var ki, ölkənin, milyonlarla insanın taleyində həlledici rol oynayır. Bir xalqın, bir dövlətin yaddaşına əbədi həkk olunur, tarixinə qızıl hərflərlə yazılır. Azərbaycan üçün 1918-ci ilin 28 mayı məhz belə tarixlərdəndir. Həmin gün Azərbaycanın qəhrəman oğullarının səyi nəticəsində Şərqdə ilk demokratik respublikanın təməli qoyuldu.
O daha sonra AXC-nin keçdiyi qısa, lakin şərəfli yoldan, qəbul etdiyi tarixi qərarlardan, həyata keçirdiyi irimiqyaslı işlərdən qürurla söz açır.
Bayram tədbirinin aparıcıları, Mərkəzin nümayəndələri Fidan Qazıyeva və Hüseyn Hüseynov iştirakçılara dövlətimizin başçısı İlham Əliyevin sərəncamları ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, eləcə də, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsinin dövlətçilik tariximizə böyük ehtiramın təzahürü olduğunu vurğulayırlar.
Daha sonra yubiley tədbirində Bərdə Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Əhliyyət Əliyev, Mingəçevir Heydər Əliyev Mərkəzinin elmi işçisi Səbinə Süleymanova, Tərtər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova söz alaraq AXC-nin yaradılmasında böyük əməyi olan – Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Əliağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Şəfi bəy Rüstəmbəyov kimi ziyalıların örnək fəaliyyətlərindən bəhs edirlər.
Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Günel Zamanlı tanınmış şairimiz Bəxtiyar Vahabzadənin “Bayraq” şeirini böyük pafosla söyləyir.
Bayram tədbirini şəhər 2 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifa etdiyi melodiyalar, nəğmələr bəzəyir. Onlardan Mədinə Bayramova, Xan Quliyev, Elvira Əlizadə, Maya Vəliyevanın oxuduğu xalq mahnıları, muğam parçaları alqışlar qazanır.
Şəhər 6 nömrəli tam orta məktəbinin şagirdləri “Uzundərə” rəqsini özlərinə xas jestlərlə ifa edir, rəğbət qazanırlar.