NAZİR İNAM KƏRİMOV YEVLAXDA GÖRÜŞ KEÇİRİB
Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 23-də Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Yevlax, Goranboy, Göygöl, Samux və Daşkəsəndən olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə nazir İnam Kərimov və Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov ulu öndərin şəhərin baş meydanındakı abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.
Yevlax Rayon Kənd Təsərrüfatı İdarəsinin yeni inzibati binası və iş otaqları ilə yaxından tanış olan nazir İ. Kərimov sonra nazirliyin digər struktur rəhbərləri ilə birgə vətəndaşları qəbul edib. Həmin gün 70-ə yaxın vətəndaşın müraciətlərinə baxılıb. Qəbula gələnlər əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına minnətdarlıqlarını bildiriblər.
Qəbulun sonunda Kənd Təsərrüfatı Nazirliyinin Baş Texniki Nəzarət Xidməti tərəfindən 120- dən çox mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz olunub və texnikaların dövlət qeydiyyatına alınması, texniki baxış əməliyyatları həyata keçirilib.