AXC-nin 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ BAYRAM TƏDBİRİ
Mayın 25-də geniş səhnəsi əlvan dekorasiya və xüsusi zövqlə bayramsayağı bəzədilmiş Heydər Əliyev adına Sarayda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş təntənəli bayram tədbiri keçirildi. İlk öncə iştirakçıların gurultulu alqışlarının müşaiyəti ilə hərbi geyimli gənclər üçrəngli dövlət bayrağımızı səhnəyə gətirdilər. Geniş tamaşaçı kütləsinin və 1 nömrəli uşaq musiqi məktəbinin xor kollektivinin birlikdə ifa etdikləri Dövlət Himnindən sonra tədbir açıq elan olundu.
Sonra ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk müstəqil dövlətimizin yaranmasının 100-cü ildönümünün tamam olması münasibətilə Şəhər İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Məmmədova “Xalqımız Azərbaycanı həmişə müstəqil və qüdrətli görmək istəyir” mövzusunda geniş məruzə ilə çıxış etdi.Xalqımızın milli dövlətçiliyə nail olmaq arzularının gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən danışan natiq ilk müstəqil dövlətimizin ürəklərdə alovlandırdığı məşəli sonradan təqribən 70 il hökmranlıq edən totalitar rejimin cəza-repressiya maşınının belə söndürə bilmədiyini diqqətə çatdırdı, Əksinə, bu təzyiq və təqiblərin xalqımızın azadlıq ideylarını daha da gücləndirdiyini qürur hissilə vurğuladı. Qeyd etdi ki, XX əsrin ortalarından etibarən keçmiş SSRİ məkanında o cümlədən ölkəmizdə baş qaldıran milli oyanış dalğası qarşısıalınmaz xalq hərəkatına çevrildi. Və nəhayət 1991-ci ildə yenidən müstəqillik əldə etmək şansı qazandıq.Lakin o vaxtkı səbatsız rəhbərlərin səriştəsizliyi və hakimiyyət uğrunda daxili çəkişmələr, üstəlik mənfur ermənilərin ərazi iddiası ilə ölkəmizə təcavüzü müstəqilliyimizi və ərazi bütövlüyümüzü ciddi təhlükə qarşısında qoydu.
Belə bir vəziyyətdə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev vətənimzin xilaskarı kimi ali missiyanı böyük məsuliyyyət, şərəf və ləyaqətlə yerinə yetirdi.
Məruzəçi sözünə davam edərək onu xüsusi pofosla ifadə etdi ki, ulu öndər yenidən əldə etdiyimiz müstəqilliyimizi Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi və ömrünü ölkənin inkişafına, müstəqilliyinin daha etibarlı təməllər üzərində qurulmasına sərf etdi.
O, həmçinin əsası ulu öndər tərəfindən qoyulmuş azad, müstəqil və suveren respublikamızın son 15 ildə əldə etdiyi uğurlardan da söz açdı.
Qeyd etdi ki, Prezidentimiz İlham Əliyev cənablarının yeritdiyi düzgün, məqsədyönlü, balanslaşdırılmış və uzaqgörən siyasət sayəsində ölkəmizin iqtisadi, hərbi və müdafiə qüdrəti durmadan güclənir, dünyanın sözü keçən, nüfuz sahibi olan ölkələrindən biri kimi tanınır.
Məruzəçi çıxışının sonunda əlamətdar tarixi ildönümü münasibətilə yevlaxlıları təbrik etdi və yüksək bayram əhval-ruhiyyəsi arzuladı.
Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərin, disputların, elmi-praktik konfransların kulminasiyası olan təntənəli tədbir bayram konserti ilə sona çatdı.