Şriftin ölçüsü :

Saytın rəngi :

FHN-in ARAN REGİONAL MƏRKƏZİNDƏ

21 may 2018 | 16:00

GƏNC XİLASEDİCİLƏRİN VƏ YANĞINSÖNDÜRƏNLƏRİN YARIŞI

Müstəqil dövlətimizin banisinin əziz xatirəsinə həsr olunmuş tədbirlərdən biri də mayın 7-də Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində, gənc xilasedicilərin və yanğınsöndürənlərin VII respublika birinciliyinin zona mərhələsinə start  verilməsi ilə başladı.  Öncə ulu öndərin Mərkəzin yaşıllıqlar qoynundakı büstü önünə  təzə-tər güllər düzülmüş, xatirəsi ehtiramla yad olunmuşdur.
Sonra FHN-nin Aran Regional Mərkəzinin Şəhər Təhsil  Şöbəsi və Şəhər Gənclər və İdman İdarəsi ilə birgə keçirdiyi ənənəvi zona mərhələsinin iştirakçılarının-respublikanın 10 rayonunu təmsil edən komandaların təntənəli paradı oldu.
Dövlət  himninin ifasından sonra FHN-nin Aran Regional Mərkəzinin rəisi, polkovnik  Elxan Vəliyev görkəmli siyasi xadim, dahi rəhbər  Heydər Əliyevin anadan olmasının 95-ci  ildönümü ilə əlaqədar keçirilən zona mərhələsinin  iştirakçılarını  təbrik etdi. Vurğuladı ki, məhz  ulu öndərin, onun müdrik siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə müstəqil  Azərbaycanımız günbəgün inkişaf edir, iqtisadi, siyasi və müdafiə qüdrəti durmadan möhkəmlənir. Respublikamızın əldə etdiyi nailiyyətləri qorumaq  və zənginləşdirmək üçün hər birimiz fəal həyat  mövqeyi  nümayiş etdirməli, vətənimizə və vətəndaşlarımıza sədaqətlə xidmət göstərməliyik.   Belə son dərəcə  vacib  və  məsuliyyətli  vəzifələrdən biri də  məhz Fövqəladə Hallar Nazirliyində xidmət edənlərin üzərinə düşür. Mərkəzin rəisi çıxışını gənc xilasedicilər və yanğınsöndürənlər komandalarına uğurlar arzulamaqla yekunlaşdırdı.

Çıxış  üçün  söz  verilən  Şəhər  İcra Hakimiyyəti Başçısının  birinci müavini Qənimət Qaraşov,  Şəhər Təhsil Şöbəsinin müdir  müavini  Fəyyaz Vəliyev və Şəhər Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev    müstəqil və suveren dövlətimizin memarı və qurucusu ümummlli liderimizin ad gününün təntənə ilə qeyd  olunmasının xalqın öz rəhbərinə tükənməz sevgisindən irəli gəldiyini vurğuladılar və gənc nəslin  fiziki sağlamlığının  artmasına, intellektual səviyəsinin yüksəldilməsinə xidmət edən, ekstremal hallarda necə davranmağın yollarını öyrədən belə yarışların əhəmiyyətini yüksək dəyərləndirdilər. Sonra Mərkəzin geniş təlim-məşq meydanında məktəblilər şərti olaraq yanğınsöndürmə əməliyyatlarını və fövqəladə hallar baş verərkən fəlakət zonalarından insanların təxliyə  edilməsi tapşıqırlarını yerinə yetirdilər.
Maraqlı  və  həyəcan dolu  yarışmada Göyçay, Mingəçevir və Xocalı şəhərinin  gənc xilasediciləri və yanğınsöndürənləri daha yaxşı nəticə göstərərək müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutmuşlar. Qaliblərə fəxri fərman və kubok təqdim edilmişdir.
Göyçay komandası qalib olduğu üçün respublika birinciliyində iştirak etmək hüqüqü qazanmışdır.

Keçidlər