Şriftin ölçüsü :

Saytın rəngi :

SU HƏYATDIR

21 may 2018 | 16:00

Bu bir həqiqətdir:su həyatdır. Onda tam məsuliyyəti ilə demək olar ki, bu idarənin əməkçiləri olduqca müqəddəs bir işin sahibidir. Onların əməyi, zəhməti sayəsində torpaq cana gəlir, insanların əməyi, arzusu çiçək açır. Söhbət Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Yevlax Suvarma Sistemləri İdarəsi haqqında gedir.İlk olaraq diqqətə çatdırmaq istərdik ki, idarə düz 34 il əvvəl, 1984-cü ildə Yuxarı Qarabağ Kanalı və Yuxarı Şirvan Kanalı İstismar idarələrinin bazasında yaradılıb. Əsas vəzifəsi rayonun əkin sahələrini suvarma suyu ilə təmin etmək, eyni zamanda balansında olan suvarma kanallarını, hidrotexniki qurğuların, nasos stansiyalarının saz və işlək vəziyyətdə saxlanılmasını, onların istismara tam yararlı vəziyyətə gətirilməsini təşkil və icra edilməsinə rəhbərlikdir.

Əkin sahələrinin suvarılması 6 mənbədən su götürülməklə həyata keçirilir. Bunlar Yuxarı Qarabağ Kanalı, Yuxarı Şirvan Kanalı, Əlican, Tərtər, Kür çayları və subarteziandır.Müsabimiz, idarənin rəisi Minnət  Mürsəlov  bizimlə söhbətində dedi:-Rayon iqtisadiyyatında suvarma əkinçiliyinin xüsusi payı vardır. Belə ki, iqtisadiyyatın inkişafında, əhalinin həyat səviyyəsinin yüksəldilməsində və real gəlirlərinin artımında bu sahə həlledici rola malikdir. Rayon üzrə su istifadəçilərinin sayı 5108 nəfərdir. O cümlədən  4877 nəfər fiziki şəxsin, 45 nəfər fermerin, 186 nəfər bələdiyyə torpaqlarından istifadə edənin əsas gəlir mənbəyi suvarılan torpaqlardan alınan məhsulların payına düşür.  2017-ci ildə 10576 hektar taxıl, 2168 hektar pambıq, 17397 hektar yonca və s. suvarma suyu ilə təmin olunmuşdur.

Onu da öyrəndik ki, ötən il ərzində 299043 kubmetr, su ayrıclarından isə 199000 kubmetr su alınmışdır. Artan cəmlə vegetasiya dövründə 179002 hektar sahə suvarılmışdır.
İl ərzində əkin sahələri bol suvarma suyu ilə təmin olunub. Taxıl 3,5, pambıq 3,5, əsas yem bitkisi olan yonca 4,7 dəfə, otlaq və biçənəklər 4,7 dəfə suvarılıb. Cari və əsaslı təmir planlarında nəzərdə tutulan obyektlərdə işlər başa çatdırılıb. İstismar tədbirləri planında nəzərdə tutulan hidrotexniki qurğularda, hidropostlarda, suvarma kanallarında mexanizmlərlə  görülən torpaq işləri, latoklarda, beton kanallarda cari təmir işləri, nasos stansiyalarında əsaslı və cari təmir  işləri yerinə yetirilmişdir.

Amma görülən işlər tək bunlar deyil. Sel və daşqınlara qarşı Əlican çayında mexanizmlərlə təmizləmə işləri, Kür çayında suyun səviyyəsinin qalxması təhlükəsi yaranarkən nasos  qurğuların troslarla sahilə bərkidilməsi və yaxud onların yerlərinin müvəqqəti olaraq dəyişdirilməsi işi də həyata keçirilib.
İdarə rəisi onu da diqqətə çatdırdı ki, cari ilin 4 ayı ərzində Suvarma Sistemləri İdarəsi tərəfindən   2500 hektar pambıq sahəsində bütünlüklə arat aparılıb. 11613 hektar taxıl sahəsinə birinci və ikinci suyun verilməsi başa çatdırılıb.
İdarənin balansında 11 avtonəqliyyat vasitəsi, 11 ekskavator, 2 ədəd DT-75 buldozeri. 1 ədəd MTZ-82, 1 ədəd T-40 traktorları, 2 ədəd səyyar qaynaq aqreqatı, 2 ədəd səyyar nasos SNP 50,80 və 1 ədəd A-45-18 markalı dəzgah var.

Burada 295 nəfər çalışır. İdarə Qarabağ, Varvara, Duzdağ və Xaldan olmaqla 4 zonada fəaliyyət göstərir. 3 inşaat briqadası, nasos stansiyalarına xidmət edən bir təmir briqadası, avtomaşın və  mexanizmlərə xidmət edən təmir briqadası üzvlərinin əməyi sayəsində işlərin hansısa bir səbəb üzündən dayanması halları olmur.
Su həyatdır. Bu inkarolunmaz bir həqiqətdir. Amma sudan da bacarıqla istifadə etmək lazımdır ki, o, həqiqətən də insanlara həyat bəxş etsin. Eləcə, kor-koranə rəftar isə əksinə suyu bir zərər mənbəyinə  çevirə bilər. Suvarma sistemlərinin yaradılması da sudan üsulunca istifadə məqsədinə xidmət edir, fayda gətirir, bolluq yaradır. Suvarma Sistemləri İdarəsinin zəhmətkeş kollektivi belə bir xeyirxah xidməti həyata keçirir. Uğurlar olsun!

Keçidlər