Şriftin ölçüsü :

Saytın rəngi :

HƏRBİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ

08 may 2018 | 16:00

BU GÜNÜN ŞAGİRDLƏRİ GƏLƏCƏYİN ƏSGƏRLƏRİDİR

Əlbəttə ki, şagirdlər deyiləndə, məktəbin yuxarı sinfində oxuyan oğlanlar nəzərdə tutulur.
Onlar şəhərin qabaqcıl təhsil müəssisələrindən sayılan 5 nömrəli tam orta məktəbdə təhsil alırlar. Müəllimləri isə sözügedən məktəbdə gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, ehtiyatda olan mayor İlkin Möhsümlüdür.
Onu da qeydə dəyər ki, İlkin 7 aydır ki, bu məktəbdə çalışır, lakin bu qısa müddətdə nə qədər işlər görüb, gənclərin gələcəyin əsgəri kimi yetişməsində, hərbə hazırlıq prosesinin müasir qayda və prinsiplər çərçivəsində aparılmasında təcrübəsini və biliklərini əsirgəməyib.
Təcrübəsinə və biliklərinə gəldikdə isə… İ.Möhsümlü ömrünün tam 20 ilini hərb işinə həsr edib. O öz xidmət həyatında bölük rəisi, taborda qərargah rəisi, əməliyyat və döyüş hazırlığı sahəsində bölmə rəisi, motoatıcı tabor komandiri kimi məsuliyyətli  vəzifələrdə çalışmışdır.
Vətən uğrunda döyüşlərdə mərdliklə iştirak edib, Ağdam və Kəlbəcərdə aparılan döyüşlərdə özünü bacarıqlı hərbçi kimi təsdiq edib.

Xidmətləri  mükafatlara layiq görülüb. Bu gün arxaya dönüb baxanda, geridə qalan hərbi xidmət illərinə nəzər salanda ilk növbədə NATO-nun sülhü dəstəkləmə əməliyyatlarında 10-dan artıq Avropa ölkəsində xüsusi təlimlərdə iştirakını xatırlayır. Uğurlu və hərbi nizam-intizama söykənən fəaliyyəti 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” medalına, 2003-cü ildə isə respublikanın Müdafiə Nazirliyi tərəfindən “10 illik qüsursuz xidmətə görə”, daha sonra isə “10 illik yubiley” medallarına layiq bilinib.
Çalışdığı vəzifədən, gənclərin hərbi işə hazırlığı sahəsində işləməkdən xüsusi zövq alır. Tez-tez öz fənni çərçivəsində açıq dərslər təşkil edir. Və belə dərslərin birində ehtiyatda olan mayor İ.Möhsümlü həm yetirmələrinə, həm də qonaqlara, məktəbin müəllimlərinə elan etdi ki, növbəti açıq dərsi o bir hərbi hissədə təşkil edəcək.
Söylədi və sözünü də tutdu. Bu günlərdə 5 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri, 9, 10 və 11-ci sinifdə oxuyan 30 nəfər məktəbli gənc çağırışaqədərki rəhbəri, ehtiyatda olan mayor İ.Möhsünlünün başçılığı ilə “N” hərbi hissəsində canlı və praktik dərs keçmişlər.
Vətənin gələcək müdafiəçiləri olan gənclər burada yaşanan əsgər həyatının bir gününü Azərbaycan ordusunun sıra nəfərləri olan igidlərlə birgə yaşamışlar. Onlar səhər saat 9-dan axşam saat 9-a kimi, yəni komandirin əsəgərlərə verdiyi “qalx” komandasından “yat” komandasınadək hərbi hissədə olmuş, əsgərlərin hərbi fəaliyyəti, yaşam tərzləri və məişət şəraitləri ilə yaxından tanış olmuşlar.
İ.Möhsümlü bununla da şagirdlərdə hərbi vətənpərvərlik tərbiyəsinin dərinləşməsini, onlarda Vətənə məhəbbət ruhunun daha çox aşılanması kimi prinsipləri nəzərdə tutduğunu açıqlayır. Bildirir ki, onun yetirmələri hərbi hissənin təlim meydanında tanklar və piyadaların döyüş maşınları ilə tanış oldular, ZTR-80-yəni zirehli transportyorun struktur quruluşuna tamaşa etdilər, özüyeriyən artilleriya qurğusunun işləmə mexanizminə bələd oldular.
Gələcəyin əsgərləri olan məktəbliləri də dinləmək maraqlı idi.
Seymur Hüseynov: – Hərbi hissədə gördüklərim məni çox sevindirdi. Doğrudan da güclü ordumuz, müasir hərbi texnikamız, igid, qorxmaz, Vətənin müdafiəsinə hər an qalxa bilən əsgərlərimiz var.Fəxr edirəm ki, mən də gələcəkdə belə Azərbaycan əsgərlərindən biri olacağam.
Əli Kərimxanlı: – Əsgər yeməkxanası və yataqxanası müasir tələblərə tam cavab verir. Əsgərlər belə şəraitdə yalnız nümunəvi hərbi xidmət göstərməlidirlər. Hərbi texnika ilə tanışlıq da məndə güclü təəssürat oyatdı.
Səid Quliyev: – Burada gördüklərim, yaşadıqlarım məndə hərb işinə, hərbçiliyə böyük maraq yaratdı. Doğrudan da gələcəyin zabiti olmaq, Vətənin keşiyində mərdliklə dayanmaq insanın ömür yoluna şərəf səhifələri yaza bilər.
İsa Məmmədli: – Heç vaxt unutmuruq ki, ölkəmiz müharibə şəraitində yaşayır. 2016-cı ilin aprel hadisələri, Milli Ordumuzun qüdrəti nəticəsində əldə edilən zəfərlər hamının yaddaşında iz qoyub. Burada əsgərlərlə, komandirlərlə görüşlərimiz, söhbətlərimiz biz gənclərdə belə bir fikir formalaşdırdı ki, Azərbaycan əsgərində döyüşkən, mübariz ruh çox güclüdür.Onlarla söhbətlərimiz zamanı tez-tez eşidirdik ki, əgər Ali Baş Komandan əmr versə biz mətanətlə vuruşacaq, torpaqlarımızı işğaldan azad edəcəyik.
Hərbi hissədə keçən bir günün yaşantıları məktəblilərin qəlbində dərin iz qoyub, onlarda Vətənə, doğma yurda məhəbbət hissini daha da gücləndirib.

Keçidlər