Şriftin ölçüsü :

Saytın rəngi :

HEYDƏR ƏLİYEV – 95

08 may 2018 | 16:00

AZƏRBAYCAN İNTİBAHININ MEMARI

Vətənpərvər, millətini, torpağını sevən, onun adını hər şeydən uca tutan, xalqının taleyinə bağlı olan dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışmırlar, onları hər addımda xatırlayır, anırlar. Bu cür insanların bioloji yoxluğu onların mənəvi varlığı ilə əvəzlənir, cismən bizi tərk etsələr də, mənəvi cəhətdən hər zaman bizimlədirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də düz 15 il öncə xalqın ümid və and yerinə, böyük mənəvi dəyərinə çevrilməklə, əbədiyyətə qovuşdu. Lakin qurduğu müstəqil və yeni Azərbaycan bizə miras qaldı, biz həmişə bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq. Heydər Əliyev Azərbaycana 30 ildən çox rəhbərlik etdi, əslində, bu, elə də böyük zaman kəsiyi deyil. Amma müdrik və aqil o insanlardır ki, tarix üçün o qədər də böyük olmayan müddətdə bəşəriyyətə bütöv bir əsrin verə biləcəyi zəngin mədəni irs, sərvət bəxş edirlər. Bu mənada dövlət quruculuğumuzun böyük memarı Heydər Əliyev irsi hər bir azərbaycanlının həyat dərsliyidir. Bu dərslikdən hər birimizin öyrənəcyi çox şey var.
Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və ən yeni tariximizə “Heydər Əliyev dövrü” kimi daxil olub.
1970-1985-ci illər XX əsrdə Azərbaycanın quruculuq tarixinin ən məhsuldar, uğurlu səhifələri olmuşdur.
Heydər Əliyev ölkəyə birinci rəhbərliyi dövründə milli şüurumuzun, Azərbaycan dilinin, mentalitetimizin qorunması və inkişafının keşiyində dayanmış, bu sahədə çalışanların əməyinə həmişə yüksək qiymət vermişdir. 1969-1982-ci illərdə Azərbaycanın inkişaf tarixinin dinamikası belə bir fikri təsdiq edir ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində respublikamızın müstəqil dövlət quruculuğuna aparan yol olmuşdur. Heydər Əliyevin böyük əməyinin nəticəsində həyata keçirilən dəyişikliklərin həcminə, iqtisadi inkişafın səviyyəsinə görə 70-80-ci illər Azərbaycan tarixinin sovet dövrünün ən parlaq səhifələrini təşkil etmişdir. 70-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli özünüdərk duyğularının, milli ruhun yüksəlişi, xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının möhkəmlənməsi azadlıq uğrunda gələcək mübarizəsinə mühüm zəmin yaratdı.Azərbaycan bir əsrdə artıq ikinci dəfə müstəqilliyini qazandı. Amma müstəqilliyin qorunub saxlanılmasının onun qazanılmasından daha çətin və mürəkkəb bir iş olduğunu zaman göstərdi. Ölkə rəhbərliyinə siyasətdən uzaq, bacarıqsız, naşı insanların rəhbərliyi Azərbaycanı vətəndaş müharibəsi, bununla da yenicə əldə olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoyanda müdrik xalq ən doğru qərarını qəbul etdi, ən düzgün seçimi ilə batmaqda olan Azərbaycan adlı gəminin xilasını təmin etdi. Bu qərar dünya siyasətinin azərbaycanlı dahisi Heydər Əliyevin yenidən, xalqın və Vətənin ən çətin günündə, dar məqamında hakimiyyətə sahib olması üçün onun Azərbaycana dəvəti idi. Xalqın təkidli tələblərindən sonra ürəyi hər zaman Azərbaycanla döyünən ulu öndər Vətənə döndü, gecəli-gündüzlü çalışmaları ilə hər şeyi sahmana saldı. Ölkədə həyat normal axınına döndü.Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolunu belə qiymətləndirib: “1993-cü ildə Azərbaycan xalqı böyük müdriklik göstərmiş, ölkəmiz,xalqımız üçün ən ağır anlarda Heydər Əliyevə müraciət etmiş, onu hakimiyyətə dəvət etmişdir. Nə üçün? Bir neçə səbəb var idi. İlk növbədə, Heydər Əliyevin 1970-1980-ci illərdə gördüyü işlər xalqın yaddaşında yaşayırdı. Azərbaycan 1970-ci ilə qədər sovet məkanında ən geridə qalmış respublika idi. Heydər Əliyevin fəaliyyəti nəticəsində 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. O illər xalqın yaddaşında yaşayırdı. Eyni zamanda, xalqımız üçün ən ağır anlarda Heydər Əliyev daim xalqın yanında idi. 20 Yanvar faciəsi zamanı da o, öz haqq səsini ucaltmışdır”.

O vaxt Sovet İttifaqının süqutuna hələ iki il qalırdı. Ancaq Heydər Əliyev öz cəsarətli səsini ucaltmış, bu cinayəti pisləmiş, Sovet rəhbərliyini ittiham etmişdi. Məhz Heydər Əliyevin qərarı ilə Azərbaycanın milli bayrağı-Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı kimi elan edilmişdir.
Xalqın sosial sifarişi əsasında Azərbaycanda Heydər Əliyev siyasi kursunu davam etdirmək kimi çətin və məsuliyyətli bir missiyanı üzərinə götürmüş Prezident İlham Əliyev öz siyasətini bu ənənələr çərçivəsində qurur. Ulu öndərin  uzaqgörən siyasi kursunun mübariz davamçısı  İlham Əliyev  son 15 il ərzində Azərbaycanı analoqu olmayan bir inkişafa çatdırmışdır. Ölkə həyatının bütün sahələrində böyük dəyişikliklər baş vermişdir. Azərbaycan dünyanın söz sahibi olan ölkələrindən biri olmuşdur. Bu inkişaf yeni-yeni mütərəqqi istiqamətləri ilə davam etdirilməkdədir.Heydər Əliyev cismən aramızda olmasa da, bu gün əminliklə deyə bilərik ki, onun ölməz idyeaları xalqımızın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında birləşdirir. Həm də təsəllini onunla tapırıq ki, böyük öndərin Prezident İlham Əliyev kimi, müasir dünya siyasətinin incəliklərini dərindən bilən, xalqının və dövlətinin maraqlarını daim uca tutan, siyasətində hər bir vətəndaşın  mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var.
Tarixin pəncərəsindən bu dünyaya baxıb keçənlərin sayı sonsuzdur. Bu sonsuzluq zəncirində çox nadir simalar olur ki, onlar, sadəcə, baxıb keçmir, öz baxışları ilə bəşəriyyətin həyatını dəyişəcək qədər güclü iz buraxıb gedirlər. Ümummilli lider Heydər Əliyev tariximizdə öz şərəfli yerini tutmuş, milyonlarla insanın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət simvoluna çevrilmiş belə nadir simalardandır.

Keçidlər