Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏNƏ, XALQA, DÖVLƏTƏ SƏDAQƏT ANDI

25 aprel 2018 | 16:00

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN

ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və  Prezidentin ailə üzvləri iştirak ediblər.
Prezident İlham Əliyevi müşayiət edən fəxri kortej  Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasiminin keçirildiyi Milli Məclisə yola düşüb.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıblar.Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edib. Bildirib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.Sonra o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət edib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyası üzərinə qoyaraq and içib: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”Azərbaycan Respublikasının dövlət himni səslənib.Sonra Prezident Qurani-Şərifə əl basaraq and içib: “Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.Prezident İlham Əliyev təzim edərək Azərbaycanın dövlət bayrağını öpüb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyib.İlk olaraq cənab İlham Əliyev  növbəti dəfə ona göstərdiyi yüksək etimada görə xalqa təşəkkürlərini çatdırdı. Bildirdi ki, həmişə xalqın dəstəyini hiss edib və edir: “-Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.Sonra dövlət başçısı ötən 15 il ərzində  Azərbaycanda görülən işlərdən, ictimai-siyasi, sosial-iqtisadi  sahədə əldə olunmuş misilsiz nailiyyətlərdən, Azərbaycanın beynəlxalq aləmdə gün-gündən artan nüfuzundan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyindən, qüdrətli Azərbaycan ordusunun şücaətlərindən, qaçqın və məcburi köçkün soydaşlarımıza göstərilən qayğıdan, rüşvətxorluğa və korrupsiyaya qarşı aparılan mübarizədən, sahibkarlığın inkişafı üçün həyata keçirilən tədbirlərdən, gələcək böyük planlardan ətraflı danışdı: “Yəni, son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə  edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var.Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, Azərbaycan xalqı və biz hamımız gələcəyə çox nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha yaxşı yaşasınlar.…Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.2018-ci il aprelin 11-də müdrik Azərbaycan xalqı yenə də müstəqilliyimizə, Heydər Əliyev kursuna, İlham Əliyev missiyası ətrafında ümummilli səfərbərliyə səs verdi. Bir daha bəyan etdi ki, müstəqilliyimizin təminatı, dövlətçiliyimizin sükanı etibarlı əldədir! Qarşıdakı 7 il Azərbaycanın ən şanlı salnamələrinin yazılacağı dövr olacaq – İlham Əliyev bunu da bacaracaq!

Keçidlər