Şriftin ölçüsü :

Saytın rəngi :

XOŞ GƏLMİSƏN, TƏZƏ İL!

10 yanvar 2013 | 16:00

Bu da ilin təqviminin sonuncu günü. 31 dekabr. Yenə də şəhərimizin baş meydanında ucaldılmış əzəmətli yolkanın ətrafı qələbəlikdir. Adəti üzrə yevlaxlılar hər ilin sonuncu günü hamılıqla buraya toplaşırlar. Həm Yeni ili, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü birlikdə, təntənəli şəkildə qeyd etmək üçün.
…Qışın yurdumuza qədəm qoyduğu ilk günlərdəndir. Onun gəlişi havanın soyuqluğunda hiss olunsa da, hər birimizin həsrətlə gözlədiyi, bayramı daha da gözəlləşdirmək gücündə olan qardan əsər-əlamət yoxdur. Amma həmyerlilərimizin yüksək bayram əhval-ruhiyyəsində ətrafına toplaşdıqları yolka qar kimi ağappaqdır.
Bayram tədbirini Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Sevil Əliyeva açır. Toplaşanları hər iki əziz bayram-2013-cü ilin gəlişi və milli həmrəylik və birlik günümüz münasibətilə təbrik edir, sözü Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədova verir.
ŞİH Başçısı ölkəmizdə son 9 ildə baş verən sosial-iqtisadi inkişafdan, aparılan böyük tikinti-abadlıq və quruculuq işlərindən söz açır, bildirir ki, Prezident İlham Əliyev cənablarının rəhbərliyi altında yola saldığımız bütün illərdə olduğu kimi, artıq vida anını yaşadığımız 2012-ci ildə də Azərbaycan bir-birindən uğurlu nailiyyətlər əldə etmiş, ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artmış, insanlarımızın sosial rifah halının yüksəldilməsi istiqamətində müsbət addımlar atılmışdır. 2012-ci il Azərbaycan tarixində «Eurovision-2012″ beynəlxalq mahnı yarışmasının yüksək səviyyədə təşkili və keçirilməsi ilə yaddaşlarda qalacaq. Ötən il Azərbaycan idmançılarının XXX London olimpiadasında əldə etdiyi uğurlarla şərəfli tarixə çevrildi.
Yola salmağa hazırlaşdığımız ilin şəhərimiz üçün də düşərli olduğunu söyləyən Qoca Səmədov, 2012-ci ilin ən unudulmaz hadisəsinin ölkə başçısı İlham Əliyev cənablarının şəhərimizə səfəri olduğunu xüsusi vurğulayır. Qeyd edir ki, bir sıra obyektlərin açılış mərasimlərində iştirak edən Prezidentin yevlax ictimaiyyəti nümayəndələri ilə görüşdə gördüyümüz işlər, əldə etdiyimiz uğurlar barədə söylədiyi fikirlər hər bir yevlaxlı üçün sözün həqiqi mənasında bir qürur, iftixar mənbəyidir.
Tədbirin rəsmi hissəsi Şəhər İcra Hakimiyyəti Başçısının 2012-ci ildə Prezidentin sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalına layiq görülmüş ŞİH Başçısı Aparatının böyük referenti Vaqif Əliyevə mükafatın təqdimatı, ŞİH Başçısı Aparatının hüquq şöbəsinin müdiri Vahid Quliyevə anadan olmasının 60 illiyi münasibəti ilə yubiley hədiyyəsi və fəxri fərman verməsi, həmçinin ötən il rayonun ictimai-siyasi həyatında fərqlənən 27 nəfərə fəxri fərman və hədiyyələr, müxtəlif kateqoriyadan olan 1000 nəfərə yaxın əhaliyə bayram sovqatları və maddi yardım təqdim etməsi ilə başa çatır.

…Qarlı dağlar aşıb, çox ellər dolaşıb bizi görməyə gələn Şaxta babasız, sevimli Qar qızsız yeni il şənliyini təsəvvür etmək olmaz. Elə mərasimdə canlılıq, şuxluq da onların meydana gəlməsi ilə daha da artır. Xurcununda hamıya yetəcək sovqat gətirə bilməsə də Şaxta babanın söz, şeir boxçası zəngindi. O, toplaşanları bayramlar münasibətilə təbrik edir, 2013-cü ilin də qədəmlərinin ölkəmiz üçün uğurlu olması arzusunu ifadə edir.
Saatlar keçir, amma meydanda əvvəlki qələbəlikdir. Havanın soyuqluğu şəhərimizin sakinlərinə sanki əsər etmir. Bu da səbəbsiz deyil, söz ruhun qidası olan musiqinindir. Şəhər Mədəniyyət və Turizm Şöbəsinin «Karvan» instrumental ansamblı bu mərasimə xüsusi konsert proqramı ilə gəlib. Ansamblın üzvləri Vasif Əsgərov və Rəşad Hüseynovun ifa etdikləri şən-şux mahnıların sədaları altında ortalıq rəqs meydançasına dönür.
Mərasim iştirakçılarını «Pop star-2010″-nun qalibi Xəyalə Mingəçevirli də öz gözəl ifası ilə salamlayır.
«Vahid» meyxana qrupunun üzvləri Zaur Sönməz və Rüfət Quliyevin, Mərkəzi Mədəniyyət Evinin və Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qruplarının, şən klounların, müğənni Rəşad Şükürovun çıxışları şənliyi daha da rəngarəng edir.
Yaddaşlarda uzun zaman qalacaq bir gün yaşayır həmyerlilərimiz. 2012-ci ilin çal-çağırlı son gününün təntənəli mərasiminə məharətlə aparıcılıq edən Türkan Əliyeva və Zaur Qurbanov qarşıdan gələn 2013-cü ili birgə salamlamaqla, onun qədəmlərinin Vətənimiz və xalqımız üçün düşərli olmasını arzulamaqla tədbirə yekun vururlar.
Bayram tədbiri şəhərimizin səmasını əsrarəngiz gözəlliyə bürüyən atəşfəşanlıqla başa çatır.
 

Keçidlər