DAHİ ŞƏXSİYYƏT MƏHƏBBƏTLƏ ANILDI
Ulu öndərin adını daşıyan Mərkəz dekabrın 12-də qələbəlikdir. Qəlbini azərbaycanlı dahinin sevgisi dolduran insanlar anım gününün onlara təlqin etdiyi hissləri yaşayırlar.
ŞİH Başçısı Qoca Səmədov başda olmaqla tədbirə qatılanlar öncə Mərkəzdə ulu öndərin büstünü ziyarət edirlər, önünə təravətli gül-çiçək dəstələri düzürlər. Bir qədər sonra isə Mərkəzin əməkdaşı Günel Zamanlının bələdçiliyi ilə ulu öndərin tarixi həyatına, tarixi fəaliyyətinə qısa bir ekskurs baş tutur. Həmyerlilərimiz azərbaycanlı siyasət dahisinin fəaliyyətinin ən önəmli dövrlərini əks etdirən eksponatlarla tanış olurlar.
Anım günü Mərkəzin akt salonunda ulu öndərin həyatının mənalı çağlarını əks etdirən filmin nümayişi ilə davam edir.
ŞİH Başçısı Q.Səmədov anım tədbirini açıq elan edir və ümummilli lideri müasir Azərbaycanın qurucusu kimi təqdim edərək bildirir ki, bu fakt günün reallıqlarına əsaslanır. Düzgün qurulan, möhkəm təmələ əsaslanan daxili və xarici siyasətin nəticəsidir ki, Azərbaycan qısa müddətdə sabitlik diyarı, iqtisadiyyatı dinamik inkişaf edən, ən əsası beynəlxalq münasibətlər sisteminin aparıcı qüvvəsi kimi tanındı və nüfuz qazandı. Bütün bunlar onu deməyə əsas verir ki, ulu öndər ölməzdir, onun ideyaları əbədiyaşardır.
Tribuna önünə dəvət olunan Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı, sağlığında dəfələrlə ulu öndərlə görüşüb söhbətlər etmiş Şamama Əliyeva ən əziz, ən unudulmaz xatirələrə baş vurur. Bu hüznlü gündə Azərbaycanın ölməz liderindən danışan natiq ümummilli lideri yurdun xilaskarı adlandırır, dahi şəxsiyyəti heç vaxt unutmayacağını, həmişə qəlbində yaşadacağını söyləyir.
YAP Yevlax rayon təşkilatının gənc fəalı Zülfiyyə Mahmudova dahinin mübarizə dolu həyatından, gərgin fəaliyyətindən bəhs edərək bildirir: — YAP ümummilli liderimizin qətiyyətli iradəsi əsasında yaranan bir partiyadır. Biz gənclər ulu öndərin bu sözlərini daim xatırlayacağıq: «YAP Gənclər Təşkilatının qarşısında duran vəzifələr bütün Azərbaycan gənclərinin qarşısında duran vəzifələrdir. Bundan başqa vəzifə yoxdur. Hesab edirəm ki, bütün Azərbaycan gənclərinin qarşısında bir vəzifə — öz xalqına, dövlətinə, ölkəsinə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycan dövlətinin müstəqilliyini qoruyub saxlamaq vəzifəsi durur».
ŞTŞ Metodkabinetinin direktoru Xaləddin Niftəliyev ulu öndərin Azərbaycan təhsilinin inkişafında nə qədər önəmli mövqeyə malik olduğundan, milli təhsili məhz islahatlar yolu ilə irəliyə aparmaq yönündə qəbul etdiyi tarixi qərarlar və sərəncamlardan arqumentlərin dili ilə söz açır. Bildrir ki, Azərbaycanın milli təhsili müasir inkişaf tempinə, qabaqcıl texnologiya və uğurlu strategiyasına, dayanıqlı ideya bazasına görə məhz ulu öndərə borcludur.
Şəhər Mədəniyyət və Turizm şöbəsinin inspektoru Rafiq Məmmədov çıxışında açıqlayır: — Ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti sözün həqiqi mənasında yüksəliş dövrü yaşayıb. Çünki Heydər Əliyev mədəniyyətin ictimai həyatda rolunu, mahiyyətini həmişə dəyərləndirir, mədəniyyət xadimlərini yeni yaradıcılıq axtarışlarına ruhlandırırdı. Azərbaycanda, onun bir parçası olan Yevlaxımızda mədəniyyət sahəsində aparılan işlər bir daha onu təsdiqləyir ki, ölkədə müşahidə olunan davamlı inkişaf strategiyası bütün sahələrə təsir etdiyi kimi mədəniyyət sahəsinə də nüfuz edib.
Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin rəisi İlyas Səfərov ulu öndərin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi qayğıdan, bu gün məhz Azərbaycanın siyasət nəhənginin qəbul etdiyi qərar, verdiyi tarixi sərəncamların sayəsində sözügedən sahənin olduqca müasir texnoloji bazaya, güclü, qüdrətli müəssisələrə malik olduğu barədə kon- kret rəqəmlərə əsas- lanaraq söz açır, vurğulayır ki, Azərbaycanın meliorasiya və su təsərrüfatı sahəsində əldə edilən bütün uğurlar, möhtəşəm nailiyyətlər dahi liderimizin daxili siyasəti, qayğı və sonsuz diqqəti nəticəsində mümkün olmuşdur.
Ulu öndərin anım gününə həsr edilən mənalı, məzmunlu tədbiri ŞİH Başçısı Q.Səmədov bu fikirlərlə yekunlaşdırır: «Dövlətimizin və xalqımızın gələcəyi naminə həyata keçirdiyi titanik işlər Azərbaycan vətəndaşlarının ulu öndər Heydər Əliyev kursuna inamını artırır və bu kursun əbədi olmasını təmin edir. Prezident İlham Əliyevin tarixi fəaliyyəti təsdiqləyir ki, ulu öndərin siyasəti Azərbaycanda daim yaşayacaq və daim var olacaq».