Şriftin ölçüsü :

Saytın rəngi :

“ÖLKƏMİZİ TANIYAQ!” TUR-AKSİYASINDA YEVLAX MƏKTƏBLİLƏRİ QALİB OLDULAR

03 aprel 2018 | 16:00

Əla təhsili və davranışı ilə seçilən Yevlax məktəblilərindən bir qrupu “Ölkəmizi tanıyaq!” devizi altında maarifləndirici tur-aksiyanın iştirakçısı olmuşlar.


Səfərin istiqaməti respublikamızın mənzərəli guşələrinə – Quba, Qusar və Xaçmaz rayonlarına idi.
Orta məktəblərimizi təmsil edənlər Ələt qəsəbəsində  Astara, Lerik, Lənkəran, Yardımlı, Salyan, Neftçala və Şirvandan gələn həmyaşıdları ilə tanış oldular.
Məktəblilər Quba şəhərində Heydər Əliyev Mərkəzinin önündə qarşılandılar, Gənclər Mərkəzində ilk görüş baş tutdu.
Sonra onlar Qubada və onun hüdudlarından kənarda da tanınan “Cənnət bağı” istirahət mərkəzinə gəldilər. Onların Quba şəhərinin görməli, gəzməli yerlərinə səyahəti də  çox maraqlı və həyəcanlı idi. İştirakçılar burada Cümə məscidi, Qırmızı Qəsəbə, Quba Soyqırımı Memorial Kompleksi, Xalçaçılıq Emalatxanası, Tağlı Körpüdə gəzintidə oldular, xalqımızın tarixi və mədəniyyət abidələrinə baxış keçirdilər.
Qubanın ecazkar təbiəti ilə tanışlıq, yəni Xınalıq yolundakı şəlalə, Qolf meydançası, “Rixos” mehmanxana kompleksində keçirdikləri mənalı asudə vaxt onların zövqünü oxşadı. Axşam isə məktəbliləri qonaq olduqları istirahət mərkəzində dadlı şam yeməyi və musiqili-əyləncəli proqram gözləyirdi.
Məktəblilər ertəsi gün  respublikanın turizm məkanlarından sayılan Qusar rayonuna yola düşdülər. Haqqında eşidib, mavi ekrandan tanıdıqları “Şahdağ” Qış-Yay Turizm kompleksi ilə tanşlıq onlarda canlı təəssüratlar oyatdı. Məktəblilərə Qusarın ən sayılıb-seçilən əyləncə mərkəzlərindən olan “Park Qusar” Şadlıq Sarayında bu bölgənin mətbəxinə aid ləzzətli nahar təqdim edildi.

Yevlax məktəbliləri Qusarın məşhur Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsi ilə tanışlığı hələ uzun zaman xatırlayacaqlar. Bu şəhərdə yerləşən Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi, Rəsm Qalereyasına etdikləri səyahət də yeniyetmələrin canlı marağına səbəb oldu. Gənclər Bayraq Meydanında dayanaraq Qusar rayonunun gözoxşayan mənzərəsini seyr etdilər.
Sonra məktəblilərin Xaçmaz rayonuna səfəri başladı. Burada Heydər Əliyev Mərkəzinə, Xalça Muzeyinə, Dövlət Rəsm Qalereyasına, “Şəxsiyyətlər” muzeyinə, Çənlibel parkına baş çəkdilər. Onlar daha sonra “Şabran Şəhər” Tarix Qoruğuna böyük həvəslə ekskursiyaya yollandılar.
Amma tur-aksiyanın ən yaddaqalan və unudulmaz olayı Qubanın istirahət mərkəzində baş tutan intellektual oyunlar idi. Çünki bu oyunlarda respublikanın 10 rayonunun məktəbliləri arasında Yevlax məktəbliləri fəxri 1-ci yerin sahibi oldular. Şəhərimizə yarışmanın Kubokunu və Fəxri fərmanları gətirən məktəblilərlə oxucularımızı tanış edirik.
Onlar 3, 5, 1,2 və 8 nömrəli tam orta məktəblərin intellektualları – Nicat Süleymanov, Əli Kərimxanlı, Sənubər Abdullayeva, Cavidan Rəsulov, Cahandar Qarayev, Nihat Məmmədli, Möhübbət Məmmədov və Ünsiyyə Məmmədzadədir.
5,3 və 8 nömrəli tam orta məktəblərin şagirdləri Ə.Kərimxanlı, N.Süleymanov, M.Məmmədov və Ü.Məmmədzadənin yarışlarda fəallıqlarını ayrıca qeyd etmək yerinə düşər.

Keçidlər