YEVLAXLILAR ULU ÖNDƏRƏ EHTİRAMLARINI İFADƏ ETDİLƏR
12 dekabr. 2003-cü ildən etibarən bu tarix azərbaycanlılar üçün tamamilə yeni mahiyyət və məna kəsb edir. Məhz həmin tarixdə dünya siyasətinin azərbaycanlı dahisi Heydər Əlirza oğlu Əliyev cismən canından artıq sevdiyi Vətənindən və xalqından ayrıldı. Və artıq 9-cu ildir ki, ulu öndər, ümummilli liderin ölüm tarixi onun anım günü kimi yaddaşlara yazıldı. Müstəqilliyimizi itirilmək təhlükəsindən xilas edən, xalqı onu təhdid edən vətəndaş müharibəsindən qurtaran, ölkəmizi davamlı inkişaf yoluna çıxaran bir İnsana-ulu öndər Heydər Əliyevə hər zaman sayğı, sevgi və ehtiramını ifadə edən xalqımız bu tarixdə bunu bütün dünyanın gözündə sərgiləyir. Bir daha Heydər Əliyevin kimliyi, onun titanik fəaliyyəti barədə düşünmək mənəvi borcümüza çevrilir.
Dahilərin ömürləri günlərlə, aylarla, illərlə hesablanmır. Zamanı qabaqlaya bilən bu insanlar tarix yaradırlar, ömürləri də əməlləri ilə ölçülür və bu əməllər gələcək neçə yüz illiklərə işıq salır, cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edir.
Seçilmişlər dünyanın nizamı pozulanda, haqq- ədalət ayaqlar altında tapdalananda gəlirlər. Ötən əsrin sonunda biz belə bir tarixi dövr yaşadıq. Təkcə Azərbaycanın, onun yerləşdiyi regionun deyil, dünyanın nizamı pozulmuşdu, sovet imperiyasının dağılması dünyada həm müsbət, həm də mənfi mənada bir çaxnaşma yaratmışdı. Bu çaxnaşmalarda Azərbaycan hər tərəfdən təzyiqlər və təpkilər altında idi. Bu zaman dahi xilaskar gəldi, bəşəri missiyanı həyata keçirməyə başladı. Nəinki Azərbaycanı, hətta dünyanı onu təhdid edən bəlalardan xilas etdi. Bu, bəşəri bir xilaskarlıq idi. Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün dəyərli şəxsiyyət idi.
Ayrı-ayrı dövlətlərin rəhbərləri onu öz ölkələrinin və xalqlarının dostu adlandırırdı. Nələr demirdilər onlar: «Heydər Əliyevin ölümündən sonra dünya bir qədər balacalaşmışdır» (Riçard Armitac), «Onun təkcə Azərbaycan xalqı qarşısında deyil, həm də bütün dünya birliyi qarşısında xidmətləri böyükdür» (II İliya), «Onun adı dünya tarixinə həmişəlik yazılacaqdır» (L.Slutski), «Bu dahi insan digər dahilərdən qat-qat böyükdür» (Nikas Safronov), «Heydər Əliyev hər bir millətin şərəfi ola bilərdi» (Sergey Baburin), «Heydər Əliyevin adı təkcə Azərbaycan xalqının qəlbində deyil, həm də bütün bəşəriyyətin tarixində əbədi qalacaqdır» (İoann Pon De Popa) və s.
Heydər Əliyevin xalqı və Vətəni qarşısında xidmətləri o qədər çoxdur ki, millət öz sevgisini onu ümummilli lider adlandırmaqla ifadə etdi. Məsələ bundadır ki, ümummilli liderimizin fəaliyyətinin hansı sahəsini götürsək, onun tariximizdə əbədi qalması üçün kifayət qədər xidmətləri var.
…Xatirə və ad günlərində ulu öndərin adının əbədiləşdiyi məkanların ümumxalq ziyarətinə meydan olması ənənə halını almışdır. Və ümummilli lideri hər il olduğu kimi, xatırlamaq, onun xatirəsinə ehtiramını bildirmək, Tanrıdan ruhuna rəhmətlər diləmək məqsədilə yevlaxlılar da şəhərin mərkəzi meydanına toplaşıblar. Burada böyük bir insan seli ilə qarşılaşırsan. Əlləri gül-çiçək dəstəli bu insanlar ulu öndərin əzəmətli heykəli önündən keçəcəkləri anı ilk dəfəymiş kimi həyəcanla gözləyirlər.
Saat 11.00-dur. Ulu öndər Heydər Əliyevin vəfatının 9-cu ildönümü ilə bağlı anma mərasiminə start verilir. Əvvəlcə Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov və digər rəsmilər qranit heykəlin önünə gül çələngləri qoyur, ehtiramla baş əyirlər.
Daha sonra şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivləri, sıravi yevlaxlılar ümummilli liderin xatirəsinə ehtiramlarını ifadə etmək üçün heykəl önündən keçirlər.
İnsanların qəlbi sevgi ilə olduğu kimi sözlə də doludur. Bunu onların çöhrəsindən açıq-aydın hiss etmək olur. Və ilk müsahibim:
Tamam MƏMMƏDOVA, 7 saylı tam orta məktəbin müəllimi: -O, böyük azərbaycanlı idi, azərbaycanlı olmağı ilə fəxr edirdi. Bu tarixi şəxsiyyəti yaxından tanıyan hər bir siyasi xadim onun haqqında danışanda Heydər Əliyevin xalqı, Vətəni üçün böyük işlər gördüyünü, müstəqil Azərbaycan dövlətini qurduğunu xüsusi qeyd edir. Mən ulu öndərin gəlini, hər birimizin sevimlisi, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban xanım Əliyevanın sözlərini xatırlayıram: «Azər- baycan xalqı üçün Heydər Əliyevin varlığı yalnız Tanrı payıdır».
Kubra AĞAYEVA, şəhid anası:- Heydər Əliyev olmasaydı, xalqımızın zorla cəlb edildiyi Qarabağ müharibəsində atəşkəsə nail olunmazdı, nəticədə mənim kimi sinəsi oğul dağlı anaların sayı-hesabı bilinməzdi. Ruhu şad olsun, sağlığında bizim kateqoriyadan olan insanlara o qədər diqqət və qayğı ilə yanaşırdı ki… Şadıq ki, ölkəmizin rəhbəri, ulu öndərin layiqli davamçısı İlham Əliyev cənabları da bu xəttə sadiqliyini hər zaman təsdiqləyir. Verilən müavinətlər, hər cür rahatlığı olan mənzillər, səsimizin eşidilməsi, bütün bunlara görə cənab Prezidentə təşəkkürümü bildirirəm.
Nabat ALLAHVERDİYEVA, şəhər sakini: — O günlər ki, ulu öndər yenidən hakimiyyət başına gəlməmişdi, nələr yaşadıq, nə qorxular keçirdik. Özbaşınalıq baş alıb gedirdi. Balalarımızın sağlamlığı, sabahı üçün narahatlığımız böyük idi. Nə yaxşı ki, Heydər Əliyevimiz vardı və o dar gündə, dar ayaqda bizim səsimizi eşitdi, dəvətimizi qəbul etdi. Bu gün ölkəmizin hər yeri abadlığa bürünüb, insanlarımızın yaşayışı yaxşılaşıb. Demək ulu öndəri ölkəyə sahib olmaq çağırışlarımız vaxtında verilmiş, müdrik bir qərar idi. Ruhu şad olsun!
…Anım mərasimi saatlarca sürür. Elə bu mənzərənin özü bir daha təsdiq edir ki, Heydər Əliyev əbədiyaşar şəxsiyyətdir. Onun əməlləri, qurduğu dövlət, işıqlı ideyaları da ölməzdir, əbədiyaşardır. Azərbaycan xalqı ona görə xoşbəxtdir ki, bu əməllər, bu ideyalar ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Ümummilli liderin əməlləri davam etdirildikcə, ideyaları gerçəkləşdirildikcə Azərbaycan daha qüdrətli, daha rifahlı bir dövlətə çevrilir, Azərbaycanın şərəfli tarixinin yeni mərhələsi yazılır, İlham Əliyev mərhələsi. Bu da xalqımızı ümummilli liderimizin siyasi kursu ətrafında gündən-günə daha sıx birləşdirir, onun monolitliyini artırır.