“AĞ QIZIL-2018”
YAZ-ƏKİN KAMPANİYASI QARŞISINDA
Təqvimdən qopan hər vərəq yurdumuza bolluq-bərəkət fəslinin qədəm basdığı yaz-əkin kampaniyasının başlayacağı anı daha da yaxınlaşdırır. Hələlik şum traktorlarının səsi-sədası yayılan münbit və bərəkətli əkin sahələri bir qədər də keçəcək bolluq yaradan kənd əməkçilərinin ixtiyarına verilməklə qaynar iş meydanına çevriləcəkdir. Aqrar sektorun bütün sahələrində olduğu kimi, pambıqçılığın da inkişafını diqqətdə saxlayan zəhmət adamları səpinə hazırlıq işlərinə başlamışlar.
“Rayon Kənd Təsərrüfatı” MMC-dən aldığımız məlumata görə indiyədək 1152 hektarda pambıq yetişdirmək məqsədi ilə kəndli-fermer və pay torpaq sahibləri ilə razılaşma müqaviləsi imzalanmışdır. Halbuki bu il üçün 1000 hektarda qiymətli strateji əhəmiyyət kəsb edən məhsulun yetişdirilməsi müəyyənləşdirilmişdi.
İndiyədək pambıq əkini üçün nəzərdə tutulmuş sahələrin 886 hektarında keyfiyyətli şum aparılmış, bu proses ardıcıl davam etdirilir. Hətta cari ilin pambıq əkini üçün bəri başdan MMC tərəfindən lifli və lifsiz çiyid toxumunun sifariş edildiyi də bildirildi.
“MKT-Yevlax” MMC- nin xətti ilə “ağ qızıl” becərmək istəyənlər də qarşıdan gələn mövsümə ciddi-cəhdlə hazırlıq işlərinə start vermişlər. Bu il 1500 hektarda ölkəyə valyuta gətirəcək məhsulun yetişdirilməsini müəyyənləşdirmiş “ağ qızıl” ustaları pambıqçılığın texnologiyasından maksimum bəhrələnməklə uğurlarını təzələmək əzmi ilə çalışırlar. Artıq 1500 hektarın 1400 hektarına yaxın sahəsinin keyfiyyətli şumlanaraq növbəti əkin və becərmə əməliyyatlarına hazırlanması da cari ildə pambıqçılıqda müsbət dəyişikliklər olacağına inam yaradır.