T Ə B R İ K !
Yurdumuza bahar gəlir. Xalqımız fəsillərin gözü, gözəli olan baharın gəlişini bayram edir. Milli bayram kimi hər il yüksək səviyyədə qeyd olunan Novruz xalqımızın müqəddəs etiqadına söykənməklə özündə böyük mənəvi-əxlaqi, ülvi və dünyəvi duyğuları təcəssüm etdirir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır.
Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm hissəsini özündə ehtiva edən unikal mədəniyyət hadisəsidir.
Novruz dünyanın və insanın yaradılış bayramıdır.
Novruz neçə əsrlər və min illərdir ki, insanları gəlişi ilə müjdələyir, onlara xeyir-bərəkət, bolluq, xoş həyat, firavanlıq bəxş edir. Tarix boyu zəhmət və halallıqla yaşayan xalqımız Novruzun gəlişini, ruzi-bərəkət qapısının açılmasını intizarla gözləmişdir. Min illəri haqlayan Novruz intizarı milli mənəviyyatımızın simvoluna çevrilərək Azərbaycan xalqını dünyada insanın, təbiətin vurğunu kimi tanıtmışdır.
Novruzun milli taleyimizdəki yerini, bir xalq, millət və dövlət kimi milli dirçəlişimizdəki rolunu dəyərləndirən ulu öndər Heydər Əliyev bu bayramı milli ideologiyamızın sütunu kimi əbədiləşdirmişdir. Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”.
Novruz Sovetlər Birliyi dövründə rəsmən yasaq edilsə də, üümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmişdir. 1970-ci illərdə isə Novruz bayramı ilk dəfə məhz ulu öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, milli özünüdərki gücləndirir.
1991-ci ilin oktyabrında müstəqilliyə qovuşan Azərbaycanda yaşanan ziddiyyətli, təlatümlü proses və faciələr isə Novruzun əsl xalq bayramı kimi yüksək əhval-ruhiyyədə keçirilməsinə imkan vermirdi. Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdışından sonra Azərbaycanın üzləşdiyi bir sıra müsibətlər, faciələr aradan qaldırıldı, vətəndaş qarşıdurmasının qarşısı alındı. Maddi rifah halı ildən-ilə yaxşılaşan xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyədə qeyd etməyə başladı. Novruz dövlət səviyyəsində qeyd edilməklə yanaşı, dünya azərbaycanlılarının milli byaramına çevrildi. Ulu öndər 1994-cü ilin yazından başlayaraq hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etmiş, ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşatmış, ölkə vətəndaşlarına Vətənin çiçəklənməsi naminə birlik, həmrəylik, saflıq və təmizlik arzulamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev də bu bayramı müqəddəs milli irs hesab edərək demişdir: “Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir. Əsrlər boyu xalqımız bu bayramı qeyd etmişdir. Ancaq müstəqillik dövründə bu bayram rəsmi şəkildə qeyd olunur. Azərbaycan xalqı Novruz bayramına ən hərarətli münasibət bəsləyir, o, bizim üçün ən başlıca, ən gözəl bayram- dır…”
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində 2009-cu ildə Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və Novruz bayramının Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi Azərbaycanın milli siyasətində Novruzun milli özünütəşkil və yaşatma mexanizmi kimi nə qədər böyük gücə malik olduğunun sübutudur.
Azərbaycanın təşəbbüsü ilə BMT-nin 2010-cu il fevralın 23-də 21 martı Beynəlxalq Novruz Günü elan etməsi bu bayramın bəşəri miqyasda roluna yüksək önəm verdiyinə dəlalət edir.
2018-ci ilin baharı qapımızı döyür. Arzu edirəm ki, bu baharın da qədəmləri ölkəmiz və xalqımız üçün uğurlu olsun! İqtisadiyyatımız daha da güclənsin, xalqımızın rifah halı daha da yaxşılaşsın, işğal altındakı torpaqlarımız azad olsun!
Bahar bayramınız mübarək!
Qoca SƏMƏDOV,
Şəhər İcra Hakimiyyətinin Başçısı