Ədliyyə işçilərin peşə bayramı günü münasibətilə
Həyatımızın bütün sahələrində ədalət olmalıdır və
bu hər bir cəmiyyətin inkişafı üçün çox vacibdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsis olunmuş 22 noyabr-Ədliyyə işçilərinin peşə bayramı şəhərimizdə də təntənə ilə qeyd edildi. İlk öncə ulu öndərin möhtəşəm abidəsi önünə təzə-tər gül-çiçək dəstələri qoyuldu, rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ədliyyə işçilərinin peşə bayramı münasibətilə təşkil olunmuş təntənəli yığıncağı Yevlax rayon məhkəməsinin sədri Qələmdar Abbasov açaraq onların sevincinə şərik olmaq üçün tədbirə qatılan rəsmi qonaqları və iştirakçıları salamladı.
Natiq hələ 1918-ci ildə Şərqdə ilk müstəqil və demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin dövründə- 22 noyabrda fəaliyyətə başlayan Ədliyyə orqanlarının ölkənin idarə olunmasındakı xidmətlərindən bəhs etdi.
Onu da xüsusi vurğuladı ki, ölkəmizdə məhkəmə orqanlarının, bütövlükdə ədliyyə sisteminin Avropa standartlarına və ən humanist demokratik dəyərlərə uyğun fəaliyyət göstərməsində əbədiyaşar lider Heydər Əliyevin müstəsna xidməti olmuşdur. Məhz onun ikinct dəfə hakimiyyətə gəlişi ölkənin ictimai-siyasi həyatında böyük islahatların təməlini qoydu. Bu islahatlar ədliyyə orqanlarının strukturlarının yeniləşdirilməsində də özünü parlaq şəkildə biruzə verdi.
Bu gün möhtərəm prezidentimiz İlham Əliyev cənabları da ölkədə ədalətin, sabitliyin, insan hüquqlarının qorunmasına, müstəqil dövlətin vətəndaşlarının asayişinin təmin olunmasına xidmət edən bu quruma diqqət və qayğını əsirgəmir. Son vaxtlar respublikanın bir sıra şəhərlərində yeni, nümunəvi, müasir standartlara cavab verən məhkəmə binalarının inşası da dediyimizə əyani sübutdur.
Yevlax rayon prokuroru, baş ədliyyə müşaviri Elxan Pənahov, MTN-nin Yevlax şəhər şöbəsinin rəisi, polkovnik Babək Məmmədov, Yevlax rayon polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Natiq Məşədiyev ədliyyə işçilərini əlamətdar gün münasibətilə təbrik etdilər. Onlara məsul və şərəfli işlərində uğurlar arzuladılar.
T Ədbirdə iştirak edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini Müstəqim Məmmədov ədliyyə işçilərinə Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədovun təbrikini çatdırdı. Və qeyd etdi ki, günü-gündən öz sosial simasını dəyişən, iri şəhərlər səviyyəsinə yüksələn doğma Yevlaxımızın xidmət idarələrində çalışanlar da dövlətçiliyimizin möhkəmləndirilməsində əllərindən gələni əsirgəmir.
Rayonumuzun məhkəmə orqanlarının fəaliyyəti də bu baxımdan təqdirəlayiqdir. Qələmdar Abbasova ikinci dəfə Yevlax rayon məhkəməsinin sədri vəzifəsinə etimad göstərilməsi buna əyani sübutdur.
Natiq onu da iştirakçıların diqqətinə çatdırdı ki, yaxın zamanda şəhərimizdə Dövlət Notariat Kontoru və Qeydiyyat İdarəsi üçün yeni inzibati idarə binasının inşa edilməsi məsələsi öz həllini tapacaqdır.
Təntənəli tədbirin sonunda xidməti fəaliyyətlərinə görə fərqlənən bir qrup ədliyyə işçisinə Şəhər İcra Hakimiyyəti Başçısının fəxri fərmanları təqdim edildi.
«KÜR»