AVTONƏQLİYYAT VASİTƏLƏRİ SAHİBLƏRİNİN VƏ TİKİNTİ TƏŞKİLATI RƏHBƏRLƏRİNİN NƏZƏRİNƏ!
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq müvafiq qanunvericilik aktlarının icrasını təmin etmək və avtomobil yollarından istifadə olunması zamanı yolların çirkləndirilməsinin qarşısının alınması, avtomobil yollarından istifadə qaydalarının və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə əlavə tədbirlər həyata keçirmək məqsədi ilə hələ 2014-cü ildə Sərəncam vermişdir. Və bu Sərəncamdan irəli gələn vəzifələrin icrasına nəzarət Azərbaycan Respublikası Daxili İşlər, Azərbaycan Respublikasının Nəqliyyat, Azərbaycan Respublikasının Fövqəladə Hallar nazirliklərinə, şəhər və rayon icra hakimiyyətlərinə həvalə edilmişdir.
Sərəncamda göstərilir ki, avtomobil yollarını zibilləyən və ya çirkləndirən avtonəqliyyat vasitələrinin hərəkətinin qarşısının alınması üçün fiziki və hüquqi şəxslərin yollardan istifadə etmələri ilə əlaqədar fəaliyyətlərinə nəzarəti gücləndirsinlər.
Həmçinin yükgötürənlər və daşıyıcılar tərəfindən yükləmə normalarına riayət edilməsini, qalaq yüklərin xüsusi örtüklə bağlanılmasını, avtomobil yolunun örtüyünün palçıq və müxtəlif tullantılarla zibillənməsinin və ya çirkləndirilməsinin qarşısının alınmasını, ixtisaslaşmış yük avtomobillərinin banında və ya çənində sızmaların aradan qaldırılmasını təmin etsinlər.
Daha sonra qeyd olunmuşdur ki, şəhər və rayon icra hakimiyyətləri maliyyələşmə mənbəyindən asılı olmayaraq hər hansı obyektin tikintisinə icazə verərkən, həmin obyektin ərazisində sadələşdirilmiş avtoyuma məntəqələrinin qurulmasının, bu məntəqələrdən ümumi istifadədə olan avtomobil yollarına və şəhərin küçələrinə çıxışa qədər yolların asfaltlanmasının və betonlanmasının mütləq qaydada nəzərdə tutulmasını təmin etsinlər.
Məhz ona görə də şəhərimizdə fəaliyyət göstərən podratçı, sifarişçi və icraçı tikinti təşkilatlarının rəhbərlərinə, avtomobil nəqliyyatı sahiblərinə bir daha müraciət edərək xatırladırıq ki, Nazirlər Kabinetinin Sərəncamından irəli gələn funksiyalarını lazımınca yerinə yetirməklə şəhərimizin ekoloji təmizliyini təmin etsinlər, avtomobil yollarının, prospektlərin və küçələrin zibillənməsinin və vaxtından əvvəl istifadəyə yararsız olmasının qarşısını alsınlar. Bu həm də yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına xidmət etmək deməkdir