Şriftin ölçüsü :

Saytın rəngi :

DƏYİRMİ MASA FACİƏ QURBANLARININ XATİRƏSİNƏ HƏSR EDİLMİŞDİ

15 fevral 2018 | 16:00

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar YAP Yevlax rayon təşkilatında düzənlənmiş dəyirmi masa tədbirini giriş nitqi ilə açan Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov bunları söylədi: -20 Yanvar faciəsi Azərbaycan xalqının çoxəsrlik zəngin tarixinin ağır, qanlı faciəsi olmaqla yanaşı, həm də şanlı qəhrəmanlıq səhifəsidir. Bu günü xalqın yaddaşına onun vətənpərvər oğul və qızları öz qanlarıyla  hünər günü, qəhrəmanlıq günü kimi yazdılar.

1990-cı il yanvarın 20-də təpədən dırnağadək silahlanmış Sovet Ordusunun 11 mindən çox əsgərinin əliyalın, dinc şəkildə öz haqlarını tələb edən  insanlara qarşı törətdiyi vəhşilik nəticəsində Bakıda və respublikanın rayonlarında çoxlu sayda insan öldürülmüş, yüzlərlə insan yaralanmışdır.
Natiq onu da xüsusi vurğulamışdır ki, xalqın tarixinin qan yaddaşına  çevrilmiş 20 Yanvar faciəsinə  hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir. Ümummilli lider deyirdi: “O ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildir. Bütün Azərbaycan xalqına, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”.

Nitqinə davam edərək Q.Qaraşov qeyd etmişdir ki, xalqımızın mübarizliyini, qəhrəmanlığını, qorxmazlığını, cəsarətini bir daha bütün dünyaya nümayiş etdirən qanlı 20 Yanvar gecəsindən bizi 28 illik  bir zaman məsafəsi ayırır. Ancaq o gecədə tökülən qanlar, Vətənimizin azadlığı və müstəqilliyi yolunda canlarını qurban vermiş oğul və qızlarımızın əziz xatirəsi, onların qanlarıyla yazdıqları qəhrəmanlıq dastanı heç zaman unudulmayacaq, qəlbimizdə əbədi yaşayacaqdır.
Sonra  şəhər 5 nömrəli tam orta məktəbin direktoru Zərxanım Əhmədova, 9 nömrəli tam  orta məktəbin direktoru Şükür Mehdiyev, Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev, rayon Ağsaqqallar Şurasının sədri Knyaz Əliyev, rayon Ziyalılar Cəmiyyətinin sədri Qiyas Quliyev çıxış etdilər. 1990-cı il yanvarın 20-də törədilən faciə azadlıqsevər bir xalqa qarşı törədilmiş ən böyük cinayət idi , fikri onların çıxışlarından bir xətt kimi keçirdi.
Qanlı faciənin şahidi Cahid Nəbiyev çıxışında üstündən 28 il ötməsinə baxmayaraq, o gecənin ağrı-acılarını unutmadığını söylədi.
Qanlarıyla qalibiyyət dastanı yazan  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra YAP Yevlax rayon təşkilatının fəallarının 20 Yanvar faciəsi ilə bağlı hazırladıqları videoçarx nümayiş etdirildi.
Sonda  YAP Yevlax rayon təşkilatı ilə Şəhər Təhsil Şöbəsinin birgə 20 Yanvar faciəsi ilə bağlı  məktəblilər arasında elan etdikləri inşa yazı müsabiqəsinin qalibi 8 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nərmin Məmmədzadə qalib yazısından parçalar oxudu.
Tədbiri Qənimət Qaraşov yekunlaşdırdı

Keçidlər