Şriftin ölçüsü :

Saytın rəngi :

ÖTƏN İLİ TARİX ÜÇÜN ÖNƏMLİ EDƏN HADİSƏ: BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN XANIM ƏLİYEVA II DƏRƏCƏLİ MÜQƏDDƏS MƏLƏKSİMA KNYAGİNYA OLQA ORDENİ İLƏ TƏLTİF EDİLDİ

22 yanvar 2018 | 16:00

BU, HƏM ÖLKƏMİZDƏ, HƏM DƏ DÜNYADA RƏĞBƏTLƏ QARŞILANDI

Onun xeyirxahlıq, nəciblik və humanizmlə dolu fəaliyyəti  təkcə ölkə deyil, dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı məhz bu səbəblərə görə Moskvanın və bütün Rusiyanın patriarxı Kirill II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif etdi.Ötən il dekabrın 26-da Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidentinə ordenin təqdim edilməsi mərasimində Patriarx Kirill öz çıxışında Mehriban xanım Əliyevanın fəaliyyətinə beynəlxalq ictimai yanaşmanı ifadə edərək deyib: “Mən Sizə gördüyünüz işlərə görə səmimi qəlbdən təşəkkür etmək istərdim. Siz ölkənizin və xalqınızın  həyatında çox mühüm rol oynayırsınız. Böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi Siz Vətəninizdən uzaqlarda da bir çox işlər görürsünüz. Bu gün Sizə Rus Pravoslav Kilsəsinin fəaliyyətinə köməyə və  Həştərxan şəhərinin həyatında xüsusi  iştirakınıza görə mükafat təqdim edilib. Həştərxana səfər edəndə mənə  bir çox işlər barədə danışdılar. Amma yəqin ki, ən çox Sizin haqqınızda  və bu şəhər üçün gördüyünüz bir çox işlər barədə danışdılar. Məhz buna görə  Həştərxanda olarkən mən Sizin Rus Pravoslav  Kilsəsinin Müqəddəs Mələksima Knyaginya  Olqa ordeninə layiq görülməyiniz barədə qərar qəbul etdim”.Xoşməramlı təşəbbüslərinə, humanizmə əsaslanan, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım Əliyeva həmişə Azərbaycan xalqının böyük məhəbbətini, beynəlxalq ictimaiyyətin alqışını qazanıb. Mehriban xanım Əliyevaya UNESCO və ISESCO- nun xoşməramlı səfiri adı, “Macarıstanın Xidmətlərə görə  Komandor Xaçı”, “Şərəf Legionu” ordenləri, BMT-nin Əhali Fondunun xatirə diplomu, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı, Krans Montana Forumunun “Prix de la Fondation”, “Birlik Ulduzları” dövlətlərarası mükafatları, “Qızıl Motsart” medalı, “Qızıl ürək” beynəlxalq mükafatı və saymaqla bitməyən digər orden, medal və yüksək adlar verilərkən də məhz Patriarx Kirillin səmimi olaraq söylədiyi fikirlərdə ifadə olunan reallıqlar mühüm rol oynayıb.Bu gün biz qürurla deyirik ki, Mehriban xanım Əliyevanın rəhbərliyi altında çoxşaxəli fəaliyyətlə məşğul olan, Azərbaycanın gələcəyi baxımından böyük əhəmiyyətli təşəbbüslərlə çıxış edən Heydər Əliyev Fondu, ulu öndərin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını reallaşdıran mühüm ideoloji-humanitar mərkəzdir. Fond XX əsr Azərbaycan tarixinə dövlətçilik rəmzi, Vətənə və xalqa sonsuz məhəbbət və xidmət nümunəsi kimi daxil olan ulu öndərimizin həyat və fəaliyyətini təbliğ edir, xeyirxahlıq missiyasını uğurla yerinə yetirir. Çünki dahi şəxsiyyət həyatın müxtəlif sahələrinə, cəmiyyətin bütün təbəqələrinə diqqət və qayğı göstərməyi bacarırdı, millətin gələcəyi naminə strateji əhəmiyyətli işlərə xüsusi önəm verirdi, gənc nəslin də bu ruhda, bu amalda böyüməsini zəruri hesab edirdi. Təsadüfi deyil ki, 2004-cü il mayın 10-da Heydər Əliyev Fondu yaradılarkən dahi şəxsiyyətin ideyalarını, amallarını yaşatmaq başlıca məqsəd olub.Bu gün Azərbaycanda mövcud olan iqtisadi potensialın insan rifahının yaxşılaşdırılmasına yönəldilməsi Prezident İlham Əliyevin hökumət qarşısında müəyyənləşdirdiyi əsas prioritetdir. Bu məqsədin həyata keçirilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə təqdir edilməlidir. Məhz onun irəli sürdüyü faydalı təşəbbüslər, məqsədyönlü proqramlar Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb. Dünya ictimaiyyəti Azərbaycan qadınını məhz Mehriban xanım Əliyevanın simasında və xoşməramlı fəaliyyəti ilə tanıyır. Onun təşəbbüsü ilə reallaşdırılan layihələr Azərbaycanın dünyada multikultural bir ölkə kimi sevilməsində böyük rol oynayır. Məhz buna görə də Azərbaycan dünyada tanınmış millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən birinə çevrilib. Buna təkanverici qüvvə isə ölkəmizdə multikulturalizmin, tolerantlığın xalqımızın bir həyat tərzi olması və aparılan uğurlu dövlət siyasətidir.Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin, Qərb və Şərq dəyərlərinin qovşağı kimi birgəyaşayışa əyani sübutdur. Mehriban xanım Əliyeva da xalqımızın bu ali keyfiyyətlərinin yüksək təmsilçisi kimi, sivilizasiyalararası dialoq da daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət göstərir, həmçinin İslam aləmində görülən işlərə böyük dəstək verir. O, cəmiyyətin həyatında dəyişikliklər etməyi bacaran, mühüm əhəmiyyət kəsb edən məsələlərə dair prinsipial mövqe tutan və fəxrimiz olan Azərbaycan xanımıdır.

 

Keçidlər