SİZLƏRƏ TƏQDİM ETDİYİMİZ HƏMYERLİLƏRİMİZ İLİ UĞURLA YOLA SALIBLAR. ONLARIN YENİ – 2018-ci İLDƏN GÖZLƏNTİLƏRİ NƏDİR? SUALA AYDINLIQ GƏTİRDİLƏR:
Zərifə ƏZİZOVA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin müdiri: -Başa çatmaqda olan il mənimçün uğurlu oldu. Dövlət başçısının Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq bilindim. Arzum yeni ildə xalqımızı xoşbəxt, bəxtəvər görməkdir. Qoy bu Yeni İlin ayağı düşərli olsun!
Şakir İMANOV. Yuxarı Qarabağ Kanal İstismar İdarəsinin rəisi: -Cənab
Prezidentin Sərəncamı ilə təltif olunduğum “Tərəqqi” medalı həyatda ən böyük uğurumdur. Yeni ildə xalqımıza daha çox həmrəy olmağı, Vətənə isə parlaq nailiyyətlər yaşamağı arzulardım.
Sahib ABBASOV. ŞİH Başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi: -Əlbəttə, bu il əlamətdar oldu. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildim. Qarlı, şaxtalı havası artıq üzümüzə dəyən 2018-ci ildən gözləntilərim çoxdur. Bu il ölkədə Prezident seçkiləri ilidir. İstərdim ki, Azərbaycanı dünyada tanıdan dövlətimizin başçısı İlham Əliyev yenidən öz namizədliyini versin və qələbə qazansın.
Eldəniz MUSTAFAYEV. Şəhər Mədəniyyət Mərkəzinin direktoru: -Vidalaşdığımız ili həyatımda yaddaqalan hesab edirəm. Bu ildə “Respublikanın Fəxri Mədəniyyət İşçisi” döş nişanına layiq görüldüm. Yeni ildən ən böyük arzum Qarabağ konfliktinin ədalətli həllidir. İstəyirəm, artıq Şuşa yuxularıma girməsin. Onu real həyatda görə bilim. Ümidliyəm. Elə bilirəm, cənab Prezidentin iradəsi və qətiyyəti ilə tezliklə bu müqəddəs arzumuza yetişəcəyik.