ŞƏHƏRİMİZDƏ “İSLAM HƏMRƏYLİYİ: MÜASİR ÇAĞIRIŞLAR VƏ DİNİ MAARİFLƏNDİRMƏ” MÖVZUSUNDA REGİONAL KONFRANS KEÇİRİLDİ
Konfrans ŞİH və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə B.Səfəroğlu adına Xalq Teatrının salonunda baş tutdu.
Regional tədbirə şəhərimizin hüquq-mühafizə orqanları, idarə və müəssisələrin rəhbərləri, YAP Yevlax rayon təşkilatının rəhbəriyi, dini işlər üzrə komissiyanın üzvləri, dini icma sədrləri, din xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri qatılmışdılar.
Konfransda ilk öncə Vətən şəhidlərimizin uca ruhuna həsr olunan “Şəhadət” sənədli filmi nümayiş olundu. Bu həssas və bir çox mətləblərə aydınlıq gətirən filmi seyrçilər böyük maraq və həyəcanla izlədilər.Toplantını ön sözlə açan ŞİH Başçısının birinci müavini Qənimət Qaraşov bildirdi ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi sülhsevər bir təşəbbüs olmaqla ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Bu təşəbbüs dünyada islam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcəkdir. Daha sonra Q. Qaraşov şəhərimizdə düzənlənən konfransın vacibliyini vurğulayaraq, onu da məmnuniyyətlə bildirdi ki, Yevlaxda dini durum olduqca sabitdir, insanlar sərbəst surətdə məscidlərə gələrək ibadət edir, burada heç bir təriqət və təfriqə zəminində konfliktlər yaşanmır.DQİDK-nın sədri Mübariz Qurbanlı toplantı iştirakçıları qarşısında tribu- na alaraq Ümummilli lider tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan mükəmməl dövlət-din modeli sayəsində ölkəmizdə milli-mənəvi dəyərlərə qayıdışın əsasının qoyulduğunu, xalqın keçmişinə, milli adət və ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərildiyini, ölkədə etiqad, inanc azadlığının tam təmin edildiyini qeyd etdi. Komitə sədri bu gün dünyada İslamla bağlı məqsədli şəkildə mənfi fikir formalaşdırıldığını təəssüflə bildirdi, islamofobiyaya qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğuladı. Və eyni zamanda şəhərimizdə dini durumun belə sabit formada olmasının ümumi işimizə nə qədər faydalı olduğunu qeyd edərək bizləri daha ayıq-sayıq olmağa səslədi.
Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Əli Məmmədov açıqladı: -Milli dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan islami dəyərləri qoruyan, müasir, dünyaya açıq olan Azərbaycanda radikalizm, fundamentalizm, təhlükə mənbəyi yoxdur. Radikalizmə qarşı ən gözəl sığorta sosial ədalət, maddi rifah, savadlılıq, düzgün siyasətdir.
Konfransın ikinci hissəsi “Sahil” istirahət mərkəzində baş tutdu. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının humanitar məsələlər üzrə müavini Elnarə Məmmədova çıxış edərək vurğuladı ki, dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov dini radikalizmə qarşı mübarizədə ardıcıl, sistemli və intensiv maarifləndirmənin mühüm rol oynadığını bildirdi. Sədr müavini qeyd etdi ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınmasında ənənəvi İslam dəyərlərinin təbliği mühüm rol oynayır.
Tədbirdə DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov təqdimatla çıxış edib.
Konfransda “Azərbaycanlı, yoxsa müsəlman: hansı bizim üçün daha önəmlidir?”, “Dindar olub müasir olmaq mümkündürmü?”, “Dindar gənclik dünyəvi gənclikdən nə ilə fərqlənməlidir?” mövzuları ətrafında müzakirələr aparıldı, tədbir iştirakçılarının, gənclərin fikirləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.
Tədbirdə iştirakçılara Dövlət Komitəsinin nəşr etdirdiyi maarifləndirici kitablar paylandı.