Şriftin ölçüsü :

Saytın rəngi :

T Ə B R İ K !

05 yanvar 2018 | 16:00

Daha bir ili yola salırıq. Bütün ayrılıqlar həmişə insana kədər, qəm, qüssə gətirir. Amma Vətənimizin inkişafı, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətli hadisələrlə zəngin olması nöqteyi-nəzərindən 2017-ci ili sevinclə uğurlayırıq. Azərbaycan tarixinin səhifələrində bu ilin də özünəməxsus yeri, dəyəri var.

Onu xüsusi qeydə dəyər ki, il dövlətimizin başçısının sərəncamı ilə “İslam Həmrəyliyi İli” elan edildi. Bakıda 50-dən artıq ölkədən 3 mindən çox idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirildi. Bura onu da əlavə etmək yerinə düşər ki, Azərbaycanın milli komandası bu yarışların qalibi oldu, birinci yerə layiq görüldü. İlə isə bu günlərdə yenə də Vətənimizin  paytaxtı Bakının ev sahibliyi etdiyi “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransla yekun vuruldu.

Bu indi də belədir, neçə illər sonra da belə olacaq, 2017-ci il deyiləndə ağla ilk gələn Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması gələcək. Yola saldığımız ilin 30 oktyabrında çox böyük təntənə ilə  keçirilən mərasimlə bir daha dünyaya bəyan edildi ki, Azərbaycan yenə də beynəlxalq əhəmiyyətli tarixi  layihədə  əsas iştirakçı oldu. Layihənin əhəmiyyətini isə cənab Prezident mərasimdəki çıxışında çox aydın şəkildə qeyd etdi: “…Bakı- Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik”.

İlin uğurlarına rayonumuzun timsalında nəzər salanda da məmnunluq hissi keçirmək olar. Sosial-iqtisadi sahədə qazanılan uğurların statistikası belə bir ovqat yaratmağa imkan verir. Bu uğurların sırasında Yevlaxın sosial-iqtisadi həyatının bütün sahələrinin -sənaye müəssisələrinin, kənd təsərrüfatının, mədəniyyətin, səhiyyənin, təhsilin adını fəxrlə yada salıram.

Bu ilin rayonun həyatında ən diqqətçəkən hadisəsi isə tətbiq olunduğu  iki pilot ərazidən biri olaraq Yevlaxda İcbari Tibbi Sığortaya başlanılmasıdır. Əhalinin yüksək keyfiyyətli tibbi xidmətə əlçatanlığını təmin edən bu layihə insan sağlamlığına dövlətimizin diqqət və qayğısının parlaq nümunəsidir.

Hər ilin son günü həm də hər il ölkəmizdə və dünyada soydaşlarımızın Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü bayram etməsi ilə əlamətdardır. Ulu öndərimizin təşəbbüsü və sərəncamı ilə rəsmi dövlət bayramı statusu qazanmış bu bayram hər birimiz üçün əzizdir, müqəddəsdir. Çünki bu gün, gənc və müstəqil dövlətin vətəndaşları olaraq bizim birliyə, həmrəyliyə hər zamankından artıq ehtiyacımız var. Prezident İlham Əliyev cənablarının rəhbərliyi  altında və milli birlik şəraitində biz güclüyük, yenilməzik. Bütün uğurlarımıza da məhz birliyimizlə, eyni amal uğrunda  birgə mübarizəmizlə nail oluruq.

İl yenilənəndə arzular da yenilənir. Amma bir yenilənməyən, dəyişilməyən arzumuz var: işğal altındakı torpaqlarımız tezliklə geri qaytarılsın, bu gün qaçqın və məcburi köçkün həyatı yaşayan insanlarımız öz doğma yurd-yuvalarına dönsünlər. O günün uzaqda olmadığını Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə bugünkü qayıdış sübut edir. Kənd olduqca müasir, gözəl görkəmi, başlıcası isə öz sakinlərinə qovuşaraq yeni həyatı ilə düşmənə göz dağıdır. 2017-ci ildə  Cocuq Mərcanlının simasında “böyük qayıdış”ın təməli qoyuldu. Arzu edirəm ki, 2018-ci il Böyük Qələbə ili kimi həyatımızı bəzəsin. Nəsibimiz aydın səma, gözəl güzaran, sağlam həyat olsun!

Qoca SƏMƏDOV,

Şəhər İcra Hakimiyyətinin Başçısı

Keçidlər