İDMAN: SƏRBƏST GÜLƏŞ ÜZRƏ AÇIQ BİRİNCİLİK
Noyabrın 18-də Şəhər Təhsil Şöbəsinin Uşaq-Gənclər İdman Məktəbində idmanın sərbəst güləş növü üzrə fiziki hazırlığını artıran uşaq və yeniyetmələr arasında açıq birincilik keçirilmişdir. Açıq birinciliyin maraqlı və baxımlı keçməsi, yarışın mübarizlik ruhunun daha da artırılması məqsədi ilə qonşu Bərdə, Ağdam və Tərtər rayonlarının təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən UGİM-lərin həmin yaş qrupundan olan idmançıları da dəvət edilmişdilər.
UGİM-in zalında start götürən açıq birincilikdə 200-dən çox idmançı öz çəki dərəcəsində gücünü öyrəndiyi texniki və taktiki fəndi döşək üzərində nümayiş etdirmişdir.Bütövlükdə açıq birincilik yarışı iştirakçıların hamısında xoş ovqat yaratmış, lakin nəticəsi güclülər üçün daha uğurlu olmuşdur. Belə ki, müxtəlif çəki dərəcəsində döşək üzərində mübarizəyə qoşulmuş kiçik pəhləvanların qaliblərinə medallar və fəxri fərmanlar təqdim edilmişdir.
Təltif olunanlar sırasında keçmiş SSRİ idman ustası, Respublikanın əməkdar məşqçisi Tofiq Tağıyevin və idman ustalığına namizəd Bəxtiyar Məmmədlinin yetirmələrindən Sənan Əlizadə (9 nömrəli tam orta məktəb), Qasım Nəcəfov (4 nömrəli tam orta məktəb), Nihad Məmmədli (8 nömrəli tam orta məktəb), Faiq Mustafayev (Nemətabad kənd tam orta məktəbi), Zamin Hüseynli (Yuxarı Qarxun kənd tam orta məktəb), Vüqar Baxşəliyev (Aran qəsəbə məktəbi), Muhəmməd İsmayılov (10 nömrəli tam orta məktəb) birinci, Elvin Rubilov (8 nömrəli tam orta məktəb) və Sadiq İsmayılov (10 nömrəli tam orta məktəb) ikinci yerə çıxmışlar.Tanrıqulular kəndindən olan məşqçi, idman ustalığına namizəd Şöhrət Şükürlünün idmançı həmyerliləri də döşək üzərində yüksək fəallıqla çıxış etmişlər. Onlardan Rəşid Cəfərzadə, Sübhan Məmmədli, Elcan İsmayılzadə və Nəcəf Məmmədov birinci, Sərvət Şükürlü, Vaqif Məmmədov, Vaqif Məmmədli və Qədim Qədirzadə ikinci fəxri yerlə kifayətlənmişlər.İdman ustalığına namizəd Saleh Talıbovla Vüsal Məcnunovun yetirmələri də yarışları əliboş tərk etməmişlər. Elnur Quliyev, Cavidan Həsənov birinci, Elgün Talıbov və Eldəniz Məcnunov öz çəki dərəcələrində ikinci yerə çıxmaqla məşqçilərinin etimadını doğrulda bilmişlər.İdman ustalığına namizəd Ramil Həmzəyevlə Mübariz Cabbarovun böyük ümid bəslədiyi pəhləvanlardan Nihad Ağakişiyev, Eşqin Abdullayev birinci, Arif Həsənov isə ikinci nəticə göstərməklə özlərinin perspektivli idmançı olduqlarını göstərmişlər.Rayonumuzda yetişən yeniyetmə idmançıları bir daha təbrik edir, onlara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayırıq.