Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ QARŞISINDA

04 dekabr 2017 | 16:00

BÖYÜK AZƏRBAYCANLI

Ulu öndər Heydər Əliyev hələ SSRİ dövründə ölkəyə rəhbərlik etdiyi illərdə xalq üçün  taleyüklü olan çox çətin bir missiyanı yerinə yetirmişdi. O, ictimai  səviyədə çətinliklə də olsa, mövcudluğunu qoruya bilmiş azərbaycançı məfkurəni  dövlət səviyyəsinə qaldırıb işğalın vurduğu zərbələrin təsiri altında müvazinətini itirmiş xalqla onun maddi-mənəvi tarixi arasında varislik əlaqələrini dirçəldib möhkəmləndirmişdir. Təsadüfi deyil ki, Azərbaycan cəmiyyətində bir ideologiya ilə paralel, Heydər Əliyev şəxsiyyəti də birlik və həmrəyliyin simvoluna çevrilmişdir. Məhz bu tarixi şəxsiyyətin bəsirəti sayəsində hələ SSRİ dövründə azərbaycançılığın mədəni, siyasi-ideoloji və sosial-iqtisadi əsasları yaradılmışdır.

Məlumdur ki, tarixi şəxsiyyətlər, o cümlədən liderlər xidmətlərinin miqyasına görə fərqli səviyyədə qəbul olunurlar. Elələri var ki, yalnız öz doğma  Vətənində tanınır, hörmətlə yad edilir,elə simalar var ki, onlar zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrilir. Ulu öndər Heydər Əliyevin bütün sahələrdə qurucu istiqamət üzrə təşəbbüskar aktivliyi, strateji hədəflərə doğru qətiyyətli irəliləyişi, Azərbaycanın perspektivləri üçün yorulmaz fəaliyyəti onu başqaları üçün də örnək simaya çevirir.

Azərbaycançı düşüncənin inkişafında və yayılmasında göstərdiyi xidmətlər, ümumiyyətlə, bənzərsiz liderlik keyfiyyətləri ilə yanaşı, bir siyasi ideoloq və strateq olaraq da Heydər Əliyev Azərbaycan coğrafiyasına, yalnız bir zamana sığmayan milli və milli olduğu qədər də bəşəri şəxsiyyət kimi qəbul edilir. Ulu öndər Azərbaycan SSR-in rəhbərliyinə gələrkən respublikada çox fərqli-millilikdən get-gedə uzaqlaşan, iqtisadiyyatı tənəzzülə uğrayan və mərkəzdən tam asılı bir idarəçilik mexanizmi mövcud idi. Məhz Heydər Əliyevin atdığı uzaqgörən addımlar, gələcək perspektivə hesablanmış işlər  Azərbaycanı fərqli məcraya yönəltdi. Bir xalq  iqtisadi, mədəni və mənəvi tənəzzüldən qurtulmuş oldu.

İmperiya siyasətinin müstəmləkə torpaqlarına yalnız xammal bazası kimi yanaşdığı, istehsal müəssisələrinin yaradılmasına hər cür maneçilik törədildiyi vaxtda Sovet rejiminin analoji addımı bu dəfə Heydər Əliyevin Azərbaycan təəssübkeşliyi, xalqın maraqlarını özündə əks etdirən qəti və uzaqgörən strategiyası qarşısında iflasa uğradı. Belə ki, ötən əsrin  70-ci illərinin sonu, 80-ci illərinin əvvəllərində əsası qoyulmuş və inşa edilmiş müəssisələr Azərbaycanı yalnız aqrar ölkə və xammal bazası rolu oynayan müstəmləkə çərçivəsindən çıxararaq  SSRİ-nin güclü iqtisadiyyata malik sənaye mərkəzlərindən birinə çevirmişdir. Ümummilli lider həmin dövrü belə səciyyələndirirdi: “O illər biz müstəqilliymizdən məhrum olsaq da, Azərbaycan xalqımızın, millətimizin daxili potensialını hərəkətə gətirərək inkişaf etmiş, böyük nailiyyətlər əldə etmiş və müstəqilliyini elan edərkən böyük iqtisadi və intellektual potensiala malik olmuşdur. Azərbaycanın müstəqil dövləti onun böyük iqtisadi və intellektual potensialı üzərində qurulubdur”. Bunlar azərbaycançılığın formalaşmasının sosia-iqtisadi əsaslarını təşkil edən xidmətlərin bir nümunəsi idi.

Həmçinin, Heydər Əliyevin təhsil almağa göndərdiyi çoxsaylı tələbələr və müdavimlər sonralar dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasında və Azərbaycanın həyatında hərtərəfli xidmətləri ilə yadda qalmışlar.

Heydər Əliyev özünün çoxillik yorulmaz titanik fəaliyyəti ilə həm Azərbaycan dövlətinin, həm də Azərbaycan dilinin nüfuzunu yüksəltmişdir. Məhz onun müdrik rəhbərliyi ilə Azərbaycan dili dünyanın siyasi xəritəsində öz yerini tutmuş dövlətimizin rəsmi dilinə çevrilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin təməlini qoymaqla müqəddəs bir missiyanı gerçəkliyə çevirib: milliliklə dövlətçiliyi bir-birinə qovuşdurub, onların sarsılmaz vəhdətini təmin edib. Dünyadakı hər bir xalqın arzusunda olduğu bu əlçatmaz ideal Azərbaycan adlı məkanda da reallaşıb.

Məhz müstəqil Azərbaycan dövləti üçün qürur hissi, onun hadisələrlə zəngin tarixi üçün qürur hissi,Azərbaycan millətinin dünya tarixinə töhfələr verməyə hazır olması Heydər Əliyevi bu sözləri söyləməyə ruhlandırmışdır: “…fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Azərbaycanın müstəqillik yolunda kövrək addımlarla irəlilədiyi ilk illərdə ulu öndər Heydər Əliyevin ölkənin vahidliyi və bütövlüyünü təmin etməyin ən uğurlu modeli kimi azərbaycançılığı dövlət siyasəti halına gətirməsi, həmçinin, XXI əsrin astanasında beynəlxalq miqyasda iqtisadi-siyasi sferada dayanıqlılığı və etibarlı tərəfdaş imici ilə qəbul edilən ölkəmizdə multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməsi Azərbaycan dövlətçilik tarixində imza atılan, dönüş xarakterli uğurlardan sayılır. Çünki azərbaycançılığın inkişafı multikultural mühitdən kənarda reallaşa bilməzdi. Bir-birini ahəngdar şəkildə tamamlayan bu iki baxışlar sistemi dövlət maraqları ilə yanaşı, milli-mənəvi dəyərlər, mədəni  müxtəlifliklər arasında harmonik uzlaşmanı təmin etməsi ilə səciyyələnir.

Bu gün multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir. Prezident İlham Əliyevin “Multikulturalizm Azərbaycanda həyat tərzidir” fikri bu sahədəki reallıqların ən aydın ifadəsidir.

Azərbaycan inkişaf edir, Azərbaycan gələcəyə böyük addımlarla irəliləyir. Onun getdiyi  yol isə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yoldur. Cismani yoxluğundan 14 il keçsə də, xalq öz xilaskarını unutmayıb, unutmayacaq. Çünki Heydər Əliyev hər birimizə nümunə olan BÖYÜK AZƏRBAYCANLIDIR.

Keçidlər