İLHAM ƏLİYEV: “NÖVBƏTI ILLƏRDƏ AZƏRBAYCANIN QÜDRƏTI DAHA DA ARTACAQ”
Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açıb. Prezident İlham Əliyev deyib ki, 9 ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf edib. Bütün sahələrdə dinamik inkişaf təmin olunub: “9 ayda iqtisadi göstəricilərimiz də çox müsbətdir. Qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Hesab edirəm ki, bu çox gözəl göstəricidir. Bu, son illərdə apardığımız siyasətin nəticəsidir. Çünki qeyri-neft sektorunun inkişafı bizim əsas prioritetimizdir və 2,5 faiz artan qeyri-neft iqtisadiyyatıimız həm uğurlu islahatlarımızın göstəricisidir, həm də onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf edir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu da sənayeləşmə siyasətimizin gözəl nəticəsidir. Bildiyimiz kimi, son illər kənd təsərrüfatında çox böyük inkişaf var, böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlət prioritetidir və bu sahədə nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır.
Xarici ticarət dövriyyəmiz 7 faiz artmışdır. Burada da ixrac idxalı böyük fərqlə üstələyir. Hər bir inkişafın göstəricisi, o cümlədən xarici ticarətin tarazlığından asılıdır. Bizdə isə ilin 9 ayında xarici ticarətin müsbət saldosu 4,4 milyard dollara bərabərdir”.
Dövlət başçısı deyib ki, Azərbaycanın valyuta ehtiyatları artıb.
Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıb. Bildirib ki, bu məsələdə Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: “Bu mövqe dünyanın ən ali tribunalarından açıq bəyan edilmişdir. Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Ölkəmizin ərazi bütövlüyü danışıqların predmeti deyil və heç vaxt olmayacaq”.
Dövlət başçısı Ermənistana sərt mesajlar ünvanlayıb: “Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir. Ermənistan çalışırdı və hesab edirdi buna nail olacaq ki, danışıqlar pozulsun. Yəni müxtəlif bəhanələrlə bizi ittiham etməklə çalışırdı ki, danışıqlar bərpa edilməsin və buna nail olmaq üçün bir neçə şərt qoymuşdu. Əlbəttə, mən bəribaşdan bəyan etmişdim ki, heç bir şərt qəbul edilməyəcək. Onlar bu şərtləri irəli sürərkən özlərini çox axmaq vəziyyətdə qoyurlar və məcbur olub bu siyasətdən əl çəkməli olacaqlar. Ermənistan növbəti dəfə özünü dünya ictimaiyyəti qarşısında biabır etdi və danışıqların bərpası bizə edilən hər hansı minnət deyil. Onların isterik bəyanatları, başqa ölkələrə qorxu ilə dolu müraciətləri əslində aciz etirafdır ki, döyüşdə onların bizim qarşımızda duruş gətirməsi qeyri-mümkündür. Aprel hadisələri bunu göstərdi”.
Dövlət başçısı deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi demək olar ki, başa çatıb.Yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur: “Bu da tarixi layihədir”.
Dövlətimizin başçısı bir daha vurğulayıb: “Yəni, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Onların əsas məqsədi və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar bizə böyük iqtisadi mənfəət, səmərə verir.
Təsəvvür etmək mümkün deyil ki, əgər “Əsrin kontraktı” imzalanmasa idi biz indi hansı vəsaitlə bütün bu abadlıq-quruculuq işlərini görə bilərdik. Düzdür, bu gün əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və biz əsas gücü bu istiqamətə yönəldirik. Ancaq onu da hamımız bilməliyik ki, əgər neft gəlirlərindən səmərəli şəkildə istifadə etməsəydik, Neft Fondunda böyük vəsait yığmasaydıq, infrastruktur layihələrinə və digər layihələrə yönəltməsəydik, əlbəttə, bizim indiki vəziyyətimiz kəskin şəkildə fərqlənə bilərdi.