DÜNYA TURİZM GÜNÜ ŞƏHƏRİMİZDƏ ÇEŞİDLİ TƏDBİRLƏRLƏ QEYD OLUNDU
Sentyabrın 27-sində qeyd olunan “Ümümdünya Turizm Günü” münasibətilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi Yevlax Nümayəndəliyinin Mədəniyyət Mərkəzində sözügedən qurumun filialı olan Şəhər Yaradıcılıq Evində “Yevlax toponimi haqqında nə bilirik?” və “Yevlaxın tarixinə səyahət” adlı tədbir keçirildi. Tədbir iştirakçıları Kür çayı sahilində yerləşən Sahil istirahət məkanından səyahətə çıxdılar. Onlar Nizami, Dostluq, Dədə Qorqud, S,Vurğun adına parklarda, Ana Dili abidəsində, daha sonra şəhərimizdəki Tarix Diyarşünaslıq muzeyində oldular.
Muzeyin direktoru Aygün Qasımova Yevlaxın tarixinə aid iştirakçılara ətraflı bilgi verdi.
Tədbir Heydər Əliyev Sarayında Seymur Novruzovun təşkilatçılığı ilə lAzərbaycan xalçası» sənədli filminin nümayişi ilə sonuclandı.
Həmin gündə digər bir tədbir isə Mədəniyyət Mərkəzində baş tutdu. Tədbiri giriş sözü ilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax nümayəndəsi Rafiq Məmmədov açaraq iştirakçıları Regional İdarənin rəisi İlyas Hacıyevin adından salamladı, bu tarixi günün əhəmiyyətini vurğuladı. Sonra tədbir iştirakçıları önündə Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov çıxış edərək Azərbaycanın turizm potensialının genişliyindən ətraflı söz açdı, Regional İdarənin məsləhətçisi Əhliyyət Əliyev ölkədə bu sahədə aparılan beynəlxalq səviyyəli layihələrdən danışdı. Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev Azərbaycanda turizm sektorunun sürətli inkişafından bəhs etdi, Yaradıcılınq Evinin direktoru Zöhrə Adgözəlova isə Dəyirmi Masa iştirakçıları ilə Turizm gününün əhəmiyyəti barədə təəssüratlarını bölüşdü. Tədbirin sonunda Yevlaxın həyat tərzini əks etdirən və tarixi məişət əşyaları toplanan sərgiyə baxış keçirildi.
Onu da qeydə dəyər ki, hər iki tədbir respublikanın məkdar mədəniyyət işçiləri Zöhrə Adgözəlova və Eldəniz Mustafayevin təşkilatçılığı ilə baş tutmuşdur.