Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN AİLƏSİ

04 oktyabr 2017 | 16:00

Onlar 60 ildən çoxdur ki,ailə qurub birgə yaşayırlar. Ailələrinin təməli sağlam, bünövrəsi möhkəm özül üzərindədir.

6 övlad, 10 nəvə, 12 nəticələri olan Bayramovlar ailəsi “Brilyant” toylarına hazırlıq görürlər. Bu toy, bu şadlıq məclisi Hüseyn kişi və Məleykə xanımın doğmaları əhatəsində baş tutacaqdır.

Bütün bunlar bir daha sübut edir ki, Ailə İnstitutu Azərbaycan milli mentalitetində mühüm yer tutmuş, sosial strukturun ayrılmaz elementini, cəmiyyətin özəyini təşkil etmişdir. Milli-mənəvi dəyərlərimiz məhz ailə müstəvisində qorunub-saxlanaraq nəsildən-nəslə ötürülmüşdür. Müxtəlif mərhələlərdə Ailə İnstitutu tarixi inkişafın təsirinə məruz qalsa da, bu sahədə mövcud olan fundamental dəyərlər dəyişməz qalmış və müasir dövrümüzə qədər gəlib çatmışdır.Əziz oxucular, aşağıda sizlərə təqdim etdiyimiz “Birgə həyatın anları”adlanan ürəkdən süzülüb gələn qeydlər xarakterik Azərbaycan ailəsinin başçısı , Böyük Vətən Müharibəsi veteranı Hüseyn Bayramovun yaşadıqlarıdır. Buyurun, tanış olun!

BİRGƏ HƏYATIN ANLARI

1945-ci ildə Böyük Vətən Müharibəsi qələbəmizlə başa çatdı. Müharibə 4 il çəkdi. Amma mən cəbhədən evə yalnız 10 ildən sonra qayıda bildim.

1955-ci ildə Yevlaxda onunla, gələcək həyat yoldaşım Məleykə Əliyeva ilə tanış oldum.

Çalışırdım, pul da qazanırdım. Çatışmayansa yalnız ailəmin olmaması idi.

Bir-birimizi sevərək, xoşlayayraq, bələd olaraq ailə qurduq. Sonra isə özümüzə ev tikdik, övlad sahibi olduq.

Hər zaman aramızda səmimiyyət, sevgi, qarşılıqlı anlaşma hökm sürürdü.

İkimiz də dünyaya bəxş etdiyimiz 6 övlad naminə gecəni -gündüzə qatır, çətinliklərə sinə gərirdik.

Böyük ailəmiz, qohumlarımız, qonşularımızdan bircə nəfər belə bizim savaşdığımızı, sərt sözlərlə bir-birimizi qınadığımızı söyləyə bilməz.

Bu illərdə həyat amalımız övladlarımızı böyüdüb, boya-başa çatdırmaq, onları peşə və ailə sahibi etmək idi.

İllər beləcə ötüb keçdi, çox zəhmət çəkdik, amma zəhmətimizin bəhrəsini də gördük, övladlarımızı  könlümüzə layiq, istədiyimiz kimi yaşatdıq, onlara arxa, dayaq olduq.Artıq ailə kimi birgəliyimizdən 60 ildən də çox zaman keçir. Bu illərdə daim sevinci də, kədəri də birgə paylaşmış, bölüşmüşük. Övladlarımızdan birinin ömrünün gənc çağında həyata əlvida deməsinə də birlikdə dözdük, birlikdə qəmə-kədərə üstün gəldik. Övladlarımız artıq qol-qanad açaraq ata evindən pərvazlanıblar. Onlar doğma şəhərimizdə, respublikamızın paytaxtında, xaricdə belə yaşayırlar. Bizləri, öz valideynlərini isə heç vaxt unutmurlar. Valideyn sevgisinə övlad məhəbbəti ilə cavab verirlər.Artıq özümüzü xoşbəxt sayırıq. Çünki 10 nəvəmiz, 12 nəticəmiz var. Nəvələrimizin toyunu görmək, nəticələrimizi qucağımıza alıb, sevərək oxşamaq xanımımla mənə bir dünya sevinc bəxş edir.Məndən soruşsalar, insana ilk növbədə nə arzulardın? Tərəddüdsüz deyərdim, əlbəttə sevgi üzərində qurulmuş ailə, səni anlayan, sevinci və kədəri paylaşan həyat yoldaşı.Bir sözlə, mənim 60 ildən də çox müddətdə davam edən, amma həmişə 2 nəfərin sevgi, anlaşma, hörmət, qayğı və nəzakət zəminində qurduğum ailə həyatı kimi…

Keçidlər