26 İyun – Silahlı Qüvvələri Günü təntənə ilə qeyd olunmuşdur
Yevlax Şəhər İcra Hakimiyyəti, rəsmi dövlət, mədəniyyət və ictimai təşkilatların nümayəndələri ənənəyə sadiq qalaraq iyunun 26-da – Milli Ordumuzun yaranmasının tarixi ildönümu günündə bir sıra hərbi hissələrdə olmuşlar. Şəhər İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanovun rəhbərlik etdiyi qrupun üzvləri bu dəfə “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşmüşlər. Hərbi orkestrin müşaiyəti ilə dövlət himnimizin ifasından sonra bayrama həsr olunmuş təntənəli tədbir açıq elan edilmişdir. Tribuna önündə ilk çıxış edən hissə komandiri, polkovnik Oruc Abdullayev Ordu günü münasibətilə əsgər və zabitləri təbrik etmiş, onlara şərəfli və son dərəcə məsuliyyətli xidməti vəzifələrində uğurlar, həmçinin xalqımıza tezliklə mənfur düşmən üzərində möhtəşəm qələbə sevinci yaşamağı arzulamışdır.
Sonra qərargah rəisi Vüsal Nağıyev Azərbaycan Ordusunun keçdiyi şanlı tarixi yolu əks etdirən geniş məruzə ilə çıxış etmişdir.
Yevlax Şəhər İcra hakimiyyəti Başçısınının müavini Namiq Süleymanov Ordu günü münasibətilə hissənin şəxsi heyətinə ŞİH Başçısı Qoca Səmədovun təbrikini çatdırmış, müstəqil dövlətimizin suverenliyi və ərazi bütövlüyünün keşiyini çəkən rəşadətli vətən oğullarına möhkəm cansağlığı, hərbi xidməti vəzifələrində uğurlar arzulamışdır.
“Kür” qəzetinin baş redaktoru, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Yusifqızı memarı ulu öndərimiz Heydər Əliyev olan müstəqlil dövlətimizin ordu birləşmələrininin hər bir üzvünü səmimi qəlbdən təbrik etmiş, həyatda ən gözəl nemət olan cansağlığı arzulamışdır.
Sonra şəhid ailəsinin nümayəndəsi, Ağdam qaçqını Bəhman Gülmalıyev və gizir Ramiq Abdulov tribuna alaraq öz ürək sözlərini mübariz ruhlu şeirlə ifadə etmiş, Vətənin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələnlərin qisasının tezliklə alınacağı günün lap yaxında olduğuna əminliklərini ifadə etmişlər.
Gələcəyin generalı olmaq arzusu ilə əlçim-əlçim böyüyən 6 yaşlı Tunarla 4 yaşlı Hüseyn Nağıyev qardaşlarının şirin uşaq ləhcəsi ilə “Azərbaycan” və Dövlət himnimizi əzbərdən söyləmləri bayram tədbirinin gedişini daha da rövnəqləndirmişdir. Sonra xidməti vəzifələrində fərqlənənlərə fəxri fərmanlar, təşəkkürlər verilmiş, Şəhər İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükfatlandırılmışlar.
Çıxışlar bitdikdən sonra hissənin kəşfiyyatçı əsgərləri özlərinin əlbəyaxa döyüş peşəkarlıqlarını nümayiş etdirmişlər.
Silahlı Qüvvələr gününə həsr olunmuş geniş proqramlı bayram tədbiri Şakir Qədirovun direktoru olduğu Aran qəsəbə musiqi məktəbinin ifasında muğam, mahnı, rəqs və xalq havaları ilə daha canlı keçmiş, əsgərlərlə birgə eyni masa arxasında çeşid-çeşid yeməklərdən ibarət nahardan sonra başa çatmışdır.