FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏDƏN 72 İL ÖTDÜ
Mayın 9-da Böyük Vətən Müharibəsinin sovet xalqının qələbəsi ilə başa çatmasının 72-ci ildönümü tamam oldu.
Böyük Vətən Müharibəsi başlayanda Yevlaxdan 113 qadın olmaqla 12936 nəfər cəbhəyə yollanıb. Onlardan 10204 nəfəri müharibə başa çatanda doğma şəhərə dönüb, bu dəfə əmək cəbhəsində çalışmağa başlayıb.
İllər keçdikcə keçmiş cəbhəçilərin sıraları seyrəlməyə başlayıb. İndi onlardan cəmi 8 nəfəri yaşayır-Məmmədəli Məmmədov, Hüseyn Bayramov, Vəli Şükürov, Abdulla Abdullayev, Həmdiyyə Əfəndiyev, Rəhim Yaqubov, Bahadur Quliyev, Süleyman Süleymanov.
Faşizm üzərində Qələbənin 72-ci ildönümünün qeyd edildiyi gün – mayın 9-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi, polkovnik Elxan Heydərov və şöbənin əməkdaşları onların hər birinə baş çəkib, Qələbə günü münasibətilə təbrik edib, hədiyyələr verib. Elxan Heydərov bu görüşlərdə hər kəsin ürəyindən olan bir arzunu dilə gətirib: -Siz xoşbəxt insanlarsınız, ümumi Vətənimiz olan SSRİ-nin ən çətin günlərində harayına çatdınız, öz vətəndaşlıq borcunuzu şərəflə, ləyaqətlə yerinə yetirdiniz, faşizmə qarşı vuruşdunuz, Qələbə gününün şahidi oldunuz. Yaşınızın bu ixtiyar çağında belə bu Qələbənin qürurunu yaşayır və bir-birindən maraqlı cəbhə xatirələrinizi hər gələn nəsillə paylaşırsınız. Biz də hərbiçiyik. O gün olsun ki, Qarabağ müharibəsi də qələbəmizlə başa çatsın, torpaqlarımız işğaldan azad olsun, buna böyük inamımız var, bizim də gələcək nəsillərə deməyə sözümüz, iftixar etmək üçün əsasımız olsun.