Şriftin ölçüsü :

Saytın rəngi :

İlham Əliyev Yevlaxda Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub

17 aprel 2017 | 16:00

Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzinin təqdimatı olub.
Prezident İlham Əliyev təqdimat mərasimində iştirak edib.
Azərbaycan iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələndirilməsində özəl sektor xüsusi rol oynayır və bu baxımdan sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq, Azərbaycanda innovativ sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir. Son illərdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, dövlət dəstəyinin genişləndirilməsi ilə bağlı görülmüş işlər, real sektora göstərilən maliyyə dəstəyi, sahibkarlığın dəstəklənməsi məqsədilə institusional mexanizmlərin yaradılması belə tədbirlərdəndir.
Yevlaxda yaradılan Aran Regional İnkişaf Mərkəzinin fəaliyyəti də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Belə ki, regionun prioritet istiqamətləri üzrə təkliflərin hazırlanması, mərkəzi və yerli icra hakimiyyəti orqanları, bələdiyyələr arasında əlaqələndirmə işlərinin aparılması və monitorinqlərin keçirilməsi, beynəlxalq təşkilatları, xarici və yerli ekspertləri və digər qurumları cəlb etməklə müvafiq layihələrin icra olunması, biznesin inkişafı, sahibkarlıq subyektləri arasında biznes əlaqələrinin və işgüzar əməkdaşlığın gücləndirilməsi üçün müxtəlif tədbirlərin təşkili, sahibkarlıq subyektlərinə müxtəlif təşkilati-məsləhət xidmətlərinin göstərilməsi, sahibkarlıq fəaliyyətinə başlayan gənclər və biznesini təkmilləşdirmək istəyən kiçik və orta sahibkarlar üçün davamlı maarifləndirmə işlərinin təşkili, konsaltinq və informasiya xidmətlərinin göstərilməsi mərkəzin əsas fəaliyyət istiqamətlərinə daxildir. Ölkədə fəaliyyət göstərən biznes inkubatorlar da məhz gənclərin sahibkarlıq fəaliyyətinə hərtərəfli hazırlanmasına xidmət edir. Biznes inkubator sahibkarlığa başlamaq istəyənlərə zəruri maddi-texniki, təşkilati, həmçinin metodik dəstəyi təmin etmək məqsədini daşıyır.
İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, ümumi ərazisi 1 hektardan artıq olan mərkəzin sahəsi 6900 kvadrametrdən çoxdur. Biznes inkubator, sərgi zalı, 180 nəfərlik akt və kiçik konfrans zallarından, inzibati otaqlardan və yardımçı tikililərdən ibarət olan mərkəzin yaradılmasında məqsəd Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı prioritetlərin müəyyən edilməsi, bu istiqamətlər üzrə təkliflərin hazırlanması, regional siyasətin icrasının əlaqələndirilməsi və zəruri tədbirlərin görülməsi, sahibkarlığın inkişafı, kiçik və orta sahibkarlar üçün davamlı dəstək tədbirlərinin keçirilməsi, maarifləndirmə işlərinin təşkili, müasir konsaltinq və informasiya xidmətlərinin göstərilməsidir.
Sonra dövlətimizin başçısı Aran Regional İnkişaf Mərkəzinin foyesində təşkil edilmiş ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış oldu.
İqtisadiyyat naziri Şahin Mustafayev bildirdi ki, sərgidə qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-yə yaxın çeşiddə şərab, çay, meyvə-tərəvəz, mineral sular, şirələr, bal, şirniyyat, tekstil və digər məhsulları nümayiş olunur. Bu məhsullar daxili tələbata yönəldilməklə yanaşı, Avropa, MDB ölkələri, Amerika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələrə ixrac edilir. Məsələn, artıq 18 ildir bazarda olan “Gazelli Group” Azərbaycanın ilk milli kosmetika istehsalçısıdır. Şirkətin məhsullarının hazırlanmasında ölkənin təbii nemətlərindən istifadə edilir. 250-dən çox insanı işlə təmin edən bu şirkət “Triple Youth” məhsulu ilə dünyada nüfuz qazanıb. Bu məhsulun hazırlanmasında Naftalandan alınan ağ yağdan istifadə olunur. Bu isə dünyada bir ilkdir.
Dövlətimizin başçısına “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə yerli şirkətlərin xaricdə keçirilən sərgilərdə iştirakı barədə də məlumat verildi. Bildirildi ki, Azərbaycan məhsulları Honq Konq, Quancjou, Dubay və Almaniyada keçirilən sərgilərdə vahid ölkə stendində nümayiş olunub və ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Bu sərgilərin nəticəsi olaraq, bağlanmış müqavilələr üzrə artıq ixraca başlanılıb. Eyni zamanda, bir sıra məhsulların ixracı üçün razılaşmalar əldə olunub. Bundan başqa, xarici ölkələrdə təşkil olunan sərgilərdə fərdi qaydada iştirak edən sahibkarlara da dəstək göstərilib.
Daha sonra Prezident İlham Əliyevə biznes inkubatorlar haqqında da məlumat verildi.
Qeyd edək ki, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onların işgüzar fəallığının artırılması, sahibkarlığa dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 2013-cü ildən regionlarda gənclər üçün biznes inkubatorların yaradılmasına başlanılıb. Yevlaxdakı Aran Regional İnkişaf Mərkəzində artıq ölkə üzrə ikinci regional biznes inkubator yaradılıb. Bu iqtisadi rayondan olan 21 təşəbbüskar gənc müsabiqə yolu ilə kənd təsərrüfatı, balıqçılıq, qablaşdırma, kiçik istehsal, İKT, xidmət və digər sahələr üzrə biznes inkubator üçün rezident qəbul edilib və onlar burada müasir ofislərlə təmin olunub. Rezidentlərə biznes ideyanın yaradılması və işlənməsi üzrə ödənişsiz treninqlər keçiriləcək, biznes ideyanın reallaşdırılması və qurulması üzrə məsləhət xidmətləri göstəriləcək. Bu işdə onlara İqtisadiyyat Nazirliyinin əməkdaşları, təcrübəli ekspert və mütəxəssislər kömək edirlər.
Azərbaycanda ilk regional biznes inkubator 2013-cü ildə Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılıb. Hazırda 25 gənc bitkiçilik, heyvandarlıq, arıçılıq, məişət xidməti, dekorativ əl işləri, balıqçılıq və digər sahələrdə biznes ideyalarının reallaşdırılması yollarını öyrənir, müxtəlif məsləhətlər alırlar.

Keçidlər