Mini-futbol turnirində 9 rayon təşkilatının təmsilçiləri qələbə üçün yarışdılar
Yap Yevlax rayon təşkilatı partiyanın yaranmasının 20
illiyi ilə əlaqədar silsilə tədbirlər keçirir.
Bu günlərdə 9 rayon-Yevlax, Mingəçevir, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Goranboy, Xocalı və Laçın təşkilatlarını təmsil edən komandaların iştirakı ilə baş tutan mini-futbol turniri də yubileyə bir töhfə idi.
Əvvəlcə turnir iştirakçıları ulu öndərin abidəsini ziyarət etdilər, önünə gül-çiçək dəstələri qoydular.
Sonra təntənəli açılış mərasimi oldu.
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev mərasimi açaraq ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, ümummilli liderin siyasi kursunun layiqli davamçısı möhtərəm prezidenti- miz İlham Əliyev cənablarının Azərbaycan gəncliyinə, ölkədə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətdən söz açdı.
Daha sonra təşkilatın yubileylə bağlı tədbirlər planından söz açan Əli Quliyev mini-futbol turniri iştirakçısı olan komandalara uğurlar arzuladı.
Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, təşkilatın idarə heyətinin üzvü Qənimət Qaraşova söz verildi. ŞİH rəsmisi bildirdi ki, Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan cəmiyyətinin aparıcı siyasi təşkilatıdır.Sıraları hər gün yeni-yeni üzvlər hesabına genişlənən partiyada, sevindirici haldır ki, əksəriyyəti gənclər təşkil edir. Bugünkü turnirin iştirakçıları da gənclərdir.
Daha sonra YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova ev sahibi qismində qonaq komandaları salamladı, belə bir heyətdə keçirilən yarışmanın əhəmiyyətindən danışdı, iştirakçılara uğurlar dilədi.
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev əsasını ulu öndər Heydər Əliyevin qoyduğu siyasi kursun təntənələrindən, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən böyük quruculuq işlərindən danışdı.
Sonra püşkatma ilə turnirə start verildi. Püşkatmanın nəticələrinə uyğun olaraq komandalar müəyyən olundu.
İki gün gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışlarda Bərdə rayon təşkilatının komandası fərqlənərək birinci yerni tutdu və zona yarışında turnirin qalibi oldu.
Ağcabədi və Mingəçevir təşkilatlarının komandaları gözəl oyun nümayiş etdirərək ikinci və üçüncü yerləri tutdular.
Qalib komandalara YAP Yevlax rayon təşkilatının kubokları və diplomları təqdim edildi.
Onu da qeyd etmək lazımdır ki, birinci yerin sahibi Bərdə rayon təşkilatının komandası Bakıda keçiriləcək final yarışına vəsiqə qazandı.