T Ə B R İ K !
Əziz yevlaxlılar! Xalqımızın ən əziz bayramı – Novruz bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edir, hər birinizə xoş ovqat, əsl Novruz əhval – ruhiyyəsi arzulayıram. Novruz xalqımızın ən qədim milli bayramıdır. Onun tarixi – millətimizin yaşı qədər qədimdir. Bu tarix çoxlarının inanmayacağı qədər uzaq dövrlərdən – zamanın gözlə görünməz, ağılla düşünülməz dərinliklərindən başlanmışdır.
Novruz bayramı təbiətlə, həyatla, yaradılışla bağlı, Azərbaycan xalqının səbirsizliklə gözlədiyi bayramlardan ən birincisidir. Ona bahar bayramı da deyirlər. Bu bayram təbiətin oyanması, gecə ilə gündüzün bərabərləşməsi, həyatın təzələnməsi ilə əlamətdardır. Novruz həm də xeyir – bərəkət bayramıdır. Novruz qışın qurtarmasının və yazın gəlməsinin carçısıdır. Novruz yeni ildir, baharın ilk təqvim günüdür. Onun gəlişi ilə torpaq canlanır, isti günlər başlayır. Xalqımız bu bayramı əsrlər boyu qeyd etmişdir. Yalnız öz müstəqilliyini bərpa edəndən sonra bayram ölkəmizdə dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır.
Novruz bayramını hər kəsin öz evində, ocağı başında qeyd etməsi xalqımızın gözəl adətlərindəndir. Lakin böyük ürək ağrısı və təəssüf hissilə azğın erməni millətçilərinin qondarma Qarabağ xülyası üzündən doğma yurd – yuvasından, elindən – obasından ayrı düşmüş soydaşlarımıza üz tuturam. Dərdlərinizi bir anlığa unudun, sizin üçün nə qədər çətin olsa da özünüzdə bir güc tapın, doğmalarınızı, yaxınlarınızı ətrafınıza toplayın, Novruz tonqalları çatın, bayram əhval – ruhiyyəsinə köklənin, şadlıq – şadyanalıq edin. Bu sizin hər birinizin haqqıdır. Xalq inanclarına görə bu bayramda nə dilərsən, nəyi arzu edərsən onun çin olmaq ehtimalı yüksəkdir. Arzu edirəm ki, növbəti Novruzu azad olunmuş yurd yerlərinizdə qarşılayasınız, bayram tonqallarının şöləsi bütün Qarabağı bürüsün. Ölkəmizin rəhbəri möhtərəm İlham Əliyev cənablarının qətiyyəti, apardığı ardıcıl uğurlu siyasət tezliklə bu arzumuzu reallığa qovuşduracaq.
Yurdumuza bahar gəlir. Bahar deyəndə gözlərimiz önünə gül – çiçək, bar – bərəkət, gözəllik gəlir. Amma həqiqət naminə deməliyik ki, ölkəmizdə həyata keçirilən və regionların sosial – iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Azərbaycanımız ilin bütün fəsillərində gözəldir, füsunkardır.
Yevlaxlılar da son illərin ənənələrinə sadiq qalaraq 2017 – ci ilin Novruzunu müxtəlif sahələrdə, xüsusilə pambıq- çılıq sahəsində qazandıqları nailiyyətlərlə qarşılayırlar. Ümumdaxili məhsulun, orta aylıq əmək haqqının, əhalinin pul gəlirlərinin artması, kənd təsərrüfatı məhsulları istehsalının yüksəlməsi, sənayenin, iqtisadiyyatın, yeni- yeni istehsal sahələrinin yaranması hesabına güclənməsi, işsizliyin aradan qaldırılması, əhaliyə göstərilən bütün növ xidmətlərin səviyyəsinin yaxşılaşdırılması deyilənlərin sübutudur.
Bu əziz gündə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçənlərin əziz xatirəsini dərin ehtiramla yad etmək də borcumuzdur. İnanıram ki, Azərbaycan Prezidentinin diplomatiyası, tutduğumuz sivil və doğru yol qələbəmizi şərtləndirəcək, azad olmuş torpaqlarımıza soydaşlarımızın qayıdışı təmin olunacaq, şəhid ruhları dinclik tapacaq, şad olacaq.
Novruz həmişə xalqın müqəddəs etiqadlarına söykənmiş, onun həyata baxışlarını əks etdirmiş, insanları bir – birinə yaxınlaşdırmış, birgə firavan həyata qovuşdurmuşdur.
Novruz bayramı xalqın gələcəyə inam hissini, ürəkaçıqlığını, qonaqpərvərliyini, ünsiyyət, mehribançılıq və dostluq duyğularını özündə toplamışdır. Hər kəsin layiqincə qarşılamağa çalışdığı Bahar bayramında insanın fikri, əməli, istəyi təzələnir, könüllərdə saf duyğular oyanır. Dünya haqqında ilkin təsəvvürlərlə bağlı olan bu bayram nəinki gözəlliyi, eyni zamanda mərhəməti, xeyirxahlığı təcəssüm etdirir.
Bahar ətirli Novruz bayramı hər bir azərbaycanlının – dünyanın harasında yaşamasından asılı olmayaraq, bayramıdır. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız milli birliyin həqiqi rəmzinə çevrilmiş Bahar bayramını səbirsizliklə gözləyir və ruh yüksəkliyi ilə qeyd edirlər. Qoy builki Novruz bayramı da xalqımızın milli həmrəylik, azərbaycançılıq məfkurəsi ətrafında göstəriləcək səylər və əməli işlərlə əlamətdar olsun. Əziz bayram münasibətilə bir daha sizləri təbrik edir, hər bir yevlaxlıya, onların ailə üzvlərinə cansağlığı, səadət, xoşbəxtlik, firavanlıq, bol ruzi – bərəkət arzu edirəm. Bizə təbiətin zənginliklərini, gözəllik və rənglərini bəxş edən Bahar bayramınız mübarək!