REGİONAL MÜŞAVİRƏ
Fevralın 10-da Şəhər Mədəniyyət Mərkəzinin geniş akt zalında “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti “Tədarük və təchizat məsələlərinin müzakirəsi”nə həsr olunmuş regional müşavirə keçirmişdir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 11 aprel 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin əsas istiqaməti ölkənin aqrar sektorunun inkişafına nail olmaq, kənd təsərrüfatı məhsullarının və ərzaq bolluğunun təmin olunmasına stimul vermək, satınalan təşkilatları-xəstəxanaları, körpələr evi-uşaq bağçalarını, təhsil müəssisələrini, digər dövlət obyektlərini vaxtında və keyfiyyətli qida məhsulları ilə təchiz etməkdən ibarətdir. Aran regionlar bölməsi üzrə şəhərimizdə keçirilən müşavirəyə Mingəçevir, Ucar, Ağdaş şəhər və rayonlarının İcra Hakimiyyətlərinin, dövlət satınalan təşkilatların, həmçinin uşaq bağçalarının və xəstəxanaların nümayəndələri də dəvət olunmuşdur. Tədbiri Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov açaraq iştirakçılara Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədovun təbrikini çatdırmışdır.
Müşavirədə müzakirəyə çıxarılmış həlli vacib məsələ ilə bağlı Cəmiyyətin sədr müavini Xaliq Məmmədov geniş açıqlama vermiş, son illər dövlət başçısının rəhbərliyi ilə qeyri-neft sektorunda həyata keçirilən inkişafdan söz açmışdır. Bildirmişdir ki, Cəmiyyətin yaranmasından qısa vaxt keçməsinə baxmayaraq fəaliyyət dairəsi daha da genişlənmiş, paytaxtla yanaşı 12 regionda bölmələr, 46 rayonda dayaq məntəqələri yaradılmışdır. Onu da vurğulamışdır ki, Cəmiyyət aqrar sektorda tədarük zəncirinin formalaşdırılmasına, fermerlərin istehsal etdikləri məhsulların tədarük olunmasına, eləcə də satınalan müəssisələrin təchizat səviyyəsinin yüksəlməsinə səbəb olacaqdır. Məhz regionlarda sizinlə bu cür görüşlərin, monitorinqlərin, müşavirələrin və sorğuların keçirlməsində məqsəd dövlət başçısının tapşırıqları əsasında tədarük-təchizat əməliyyatlarının səviyyəsinin yüksəldilməsini təmin etməkdir.
Regional müşavirədə həmçinin iştirakçılara satınalan təşkilatların ərzaq məhsullarına tələbatı elektron portalından istifadə qaydaları, qeydiyyatdan keçmə prosedurları ilə bağlı təlimatlar ətraflı izah olunmuş, hər bir satınalan təşkilatın portalda öz tələbatını dövlət vəsaitlərindən düzgün istifadə olunmaqla real ehtiyaca uyğun yerləşdirməsinin vacibliyi qeyd edilmişdir.
Sonra müşavirə iştirakçılarına-xüsusilə uşaq bağçaları müdirlərinə xəstəxana nümayəndələrinə portalla işləmək bacarıqları öyrədilmiş, müzakirə olunan məsələ ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirilmiş, suallar cavablandırılmışdır.
Müşavirənin işinə yekun vuran ŞİH Başçısının birinci müavini Qənimət Qaraşov dövlət başçısı tərəfindən Cəmiyyətin yaradılmasını yüksək dəyərləndirmiş, bu qurumun ölkəmizdə və şəhərimizdə satınalan təşkilatların ərzaq məhsulları ilə təchizatının səviyyəsini daha da yüksəldəcəyini vurğulamışdır.