Şriftin ölçüsü :

Saytın rəngi :

YEVLAXLILAR DÖVLƏT BAŞÇISINA VƏ ORDUYA DƏSTƏK OLDUQLARINI BƏYAN ETDİLƏR

18 aprel 2016 | 16:00

3-4 il öncə öncə əslən Qarabağdan olan tanınmış yazıçımız Seyran Səxavət jurnalistlərin Azərbaycan yazıçıları Qarabağdan az yazır fikinə belə bir münasibət bildirmişdi ki, bu romanla, poema, şeirlə başa gələn iş deyil, romanla donuz darıdan çıxmaz. Qarabağ haqqında ən gözəl əsəri ordumuz və xalq yazmalıdır.
O gün bu gündür. Artıq Ordumuzun Qarabağ haqqında yazdığı əsəri ermənilər oxumağa başlayıblar…
Aprelin 1-dən 2-nə keçən gecə ermənilərin təxribatı Milli Ordumuz tərəfindən cavabsız buraxılmadı. Düşmənə elə bir dərs verildi ki, böyük itkilər verən Ermənistan hərbçiləri çıxış yolunu qaçıb canlarını qurtarmaqda görürlər. Biz bu sətirləri yazarkən hələ də döyüş bölgəsindən bir yandan qəlbimizi göynədən (oğullarımızın şəhid olması səbəbilə), digər tərəfdən ürəiymizi iftixar və qürur hissilə döyündürən (düşməni geri çəkilməyə məcbur edən ordumuzun xeyli ərazidə irəli getməsi, əhəmiyyətli yüksəkliklər ələ keçirməsi, düşmən ordusunun canlı qüvvəsini məhv etməsi) xəbərlər alınmaqdadır. Və elə bu günlərdə  xalqımızın nümayiş etdirdiyi birlik, dövlət başçısına, Milli Ordumuza dəstək möhtəşəmdir. İndi təkcə Azərbaycanda yaşayan soydaşlarımız deyil, müxtəlif səbəblərdən ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlılar torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən müqəddəs savaşda  ordumuzla birgə olduqlarını bəyan edirlər.
Heydər Əliyev adına Sarayda ölkə Prezidenti Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasında keçirilən iclasdakı çıxışına həsr olunmuş dəstək tədbirində də bütün bunlar barədə danışıldı.
Şəhər rəsmilərinin, idarə, təşkilat və özəl müəssisələrin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədov açdı və geniş çıxış etdi.
ŞİH Başçısı bildirdi ki, Azərbaycanın sürətli inkişafı, ölkəmizin dünyada artan nüfuzu daim düşmənlərimizi qıcıqlandırır. Dövlətimizin başçısı cənab İlham Əliyevin bu günlərdə Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı, həqiqətlərə ayna tutan çıxışı, ABŞ rəsmiləri-ABŞ-ın dövlət katibi Con Kerri, vitse-prezident Co Baydenlə yüksək səviyyəli görüşləri, “Cənub Qaz Dəhlizi” layihəsinə ölkəmizin uğurlu rəhbərliyi düşmənə öz məkrini gizlətməyə imkan vermədi. Aprelin 2-si gecə saat 04:00-dan başlayaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini  iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribat törətdilər. Cəbhəyanı zonaya yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra məntəqələr, məcburi köçkün qəsəbələri  də düşmən atəşinə məruz qalıb. Erməni hərbi birləşmələrinin fəallaşmasına imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq və mülki əhalini müdafiə etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən dərhal cavab tədbirləri görülüb. Alınan məlumatlar isə göstərir ki, Azərbaycan ordusu düşmənə layiq olduğu cavabı verir, artıq cəbhədən bir-birindən ürəkaçan xəbərlər də gəlməkdədir.

Natiq daha sonra cəbhədə baş verən qanlı hadisələrin Azərbaycan cəmiyyətinə təsirindən danışdı. Xüsusi vurğuladı ki, bu gün böyüklü-kiçikli hər bir azərbaycanlı dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarını, düşmənə öz böyüklüyünü və gücünü göstərən Milli Ordumuzu dəstəklədiyini bildirir. Elə bu birliyin gücü ilə də biz tezliklə düşmənlər üzərində tam və qəti qələbə çalacağıq.
Sonra ŞİH Başçısı diqqətə çatdırdı ki, rayon rəhbərliyi  və ictimaiyyət nümayəndələrindən ibarət qrupla Mərkəzi Şəhər Xəstəxanasına döyüş bölgəsindən gətirilmiş yaralı əsgər və zabitlərə baş çəkmişik. Qürurverici haldır ki, onlar tezliklə sağalıb geri-döyüşə gedəcəklərini söyləyirdilər.
Rayon Ağsaqqallar Şurasının sədri Qnyaz Əliyev son günlər cəbhədə qızğın döyüşlərin başlanmasının səbəbkarının ermənilər olduğunu söylədi. Qeyd etdi ki, bu gün qələbələri ilə xalqı sevindirən Azərbaycan ordusunun döyüşçülərinə güc verən bir də odur ki, onlar öz vətənlərində, öz torpaqları uğrunda vuruşurlar. İnanıram ki, çox tezliklə işğal altında olan torpaqlarımız mənfurların tapdağından azad olunacaq. Yaşımın bu çağında mənə yaşatdıqları bu qürur, sevinc və iftixar hissinə görə ordumuzun cəsur əsgərlərinə sonsuz minnətdaram.
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, Qarabağ Müharibəsi əlili Mənsur Əliyev və Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Etibar Məmmədov da tədbir iştirakçıları qarşısında Azərbaycan gəncliyinin bugünkü əhval-ruhiyyəsinə köklənən çıxışları ilə diqqət çəkdilər. Onlar həmyaşıdları olan yevlaxlı gənclərin bir nəfər kimi döyüşməyə hazır olduqlarını bildirdilər. “Bu gün yevlaxlı gənclər Ali Baş Komandanın əmrini gözləyir. Mənfur düşməni müqəddəs Vətən torpaqlarından son nəfərinə qədər təmizləmək ən böyük arzumuzdur”, fikirləri gənclərin çıxışlarından qırmızı xətt kimi keçirdi.
   …Qarabağda talan var,
   Zülfün üzə salan var,
   Gedirsən tez qayıt gəl,
   Gözü yolda qalan var.
Bəli, 23 ildir ki, doğma nəfəsdən, doğma izdən ayrı düşən Qarabağda yolumuzu gözləyənlər var. Onlar müqəddəs məzarıstanlıqlarda uyuyan soydaşlarımızın narahat ruhlarıdır, onlar indi coğrafi məkan anlayışından çox “insanlaşan” Şuşadır, Kəlbəcərdir, Laçındır, Qubadlıdır, Füzulidir, Ağdamdır, Cəbrayıldır, Xankəndidir, yarası hələ də köz bağlamayan Xocalıdır, digər işğal altında olan ərazilərimizdir. İnanırıq ki, xalqımızın dəstəyi, Milli Ordumuzun gücü ilə yurd həsrətimiz sona yetəcək. İnşallah! O gün uzaqda deyil!

Keçidlər