9 NOYABR DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
Tarixdən bilirik ki, üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövrünə düşür. Bu tarixdə Azərbaycan Milli Şurası Tiflisdə İstiqlal Bəyannaməsi ilə dövlət müstəqilliyini dünyaya bəyan etmişdir.
1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra üçrəngli bayrağımız Azərbaycan parlamentinin binası üzərindən endirilmişdir. Əvəzində bolşevik ideologiyasının məhsulu kimi, əsas hissəsi qırmızı, aşağı hissəsi tünd göy rəngdən ibarət, üzərində oraq və çəkic olan qondarma bayraq 70 il dövlət atributu kimi tanıdılmışdır.
Ötən əsrin sonlarına doğru Azərbaycanda milli azadlıq hərəkatının geniş vüsət alması, imperiyanın süquta uğraması zəminində üçrəngli bayrağımız qeyri-rəsmi şəkildə mitinqlərdə dalğalanmağa başlamış, xalqın istiqlala qovuşmaq niyyətinin ali təzahürünə çevrilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər ulu öndər Heydər Əliyevin hələ Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir.
Müstəqil Azərbaycana rəhbərliyinin ilk illərində, daha dəqiq, 1995-ci ildə ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir.
Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalan və bütün sahələrdə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. And- içmə mərasimləri zamanı Dövlət bayrağı qarşısında diz çökərək onu öpən Prezident İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə yüksək sevgi, ehtiram və sədaqət nümayiş etdirir.
Ölkəmizin paytaxtı Bakı şəhərində (Bayıl qəsəbəsində) möhtəşəm Dövlət Bayrağı Meydanının yaradılması da ölkə başçısının dövlət rəmzlərinə olan ehtiramının daha bir parlaq nümunəsi idi. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Prezidentin təşəbbüsü ilə meydanda həm də Dövlət Bayrağı Muzeyinin yaradılması təqdirəlayiqdir.
Azərbaycanın üçrəngli Dövlət Bayrağı bu gün ayrı-ayrı dövlət qurumlarının, diplomatik nümayəndəliklərin binaları üzərində ucaldılır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərdə, ictimai-siyasi toplantılarda, kütləvi, mədəni, siyasi, iqtisadi tədbirlərdə, idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. İdmançılarımızın müxtəlif ölkələrdəki hər qələbəsi şərəfinə ucaldılan bayraq hər bir azərbaycanlının qəlbində böyük sevinc, iftixar hissləri doğurur, xalqa mənsubluq hissini gücləndirir.