Şriftin ölçüsü :

Saytın rəngi :

MİLLİ MƏTBUATIMIZIN YARANMASININ 135 İLLİYİ MÜNASİBƏTİLƏ SALDIĞIMIZ BAĞDAN MƏTBUATIMIZIN 140 YAŞINDA MİNİ REPORTAJ

05 avqust 2015 | 15:00

Yel qanadlı illər. Yaşadığımız dəqiqələr saatlara, saatlar günlərə, günlər aylara, aylar illərə qovuşur… Axının sürəti heyrətamiz dərəcədə itidir. Bax, doğma redaksiyamızın həyətindəki bağda gül-çiçəyə qərq olmuş istirahət köşkündə əyləşib həyatın bu ahəngi barədə fikirləşərkən, fikirlərimi hörmətli oxucularımıza daha inandırıcı təqdim etmək istərkən tutarlı bir misala ehtiyac duyuram və tapmaq üçün o qədər də çox əziyyət çəkmirəm. Xəyalən 5 il əvvələ gedirəm. Sanki dünənmiş kimi hər şeyi çox aydınca xatırlayıram.…2010-cu il. Milli mətbuatımızın yaranmasının 135 ili tamam olurdu həmin il. Amma hələ bu əlamətdar tarixə aylar vardı. Yaz yenicə girmişdi, təbiət qış yuxusundan oyanırdı. Bax, elə həmin günlərdə baş redaktorumuzdan gəldi bu təklif-redaksiyanın həyətindəki qol- budağı qurumuş, səliqəsiz şəkildə necə gəldi əkilmiş ağacları ləğv edək, yerində bir bağ salaq.

Bağ elə-belə bağ olmayacaqdı. Baş redaktor yeni ideyasının digər maraqlı tərəfini də söylədi və hamımızın ürəyindən xəbər vermiş oldu. Orada simvolik olaraq mətbuatımızın yaşı qədər ağac əkəcəkdik. Əlbəttə ki, öz gücümüzlə. Bundan başqa, respublikadakı həmkarlarımıza bir müraciət də ünvanladıq, onları belə bir aksiyaya qoşulmağa, yaşıllıqları artırmağa, yaşadıqları, işlədikləri ərazilərdə ağac əkməyə çağırdıq. Sağ olsunlar, səsimizə səs verdilər. Və bu barədə xəbərlər o zaman mətbuatda da yer aldı.

Hər şeyi sıfırdan başladıq. Əl birliyi, dil birliyi ilə çalışdıq. Məqsədimizə nail olduq. 135 müxtəlif bar ağacının fidanını torpağa basdırdıq, vaxtlı-vaxtında dibini bellədik, suyunu verdik. Təkcə zəhmətimiz deyil, sevgimizlə bir bağ yaratdıq.  Burada hansı ağacdan desəniz var-gilənar, nar, alça, alma, armud, tut, gilas, gavalı, ərik, əncir, fındıq,xurma, şaftalı, üzüm…
Üstündən 5 il keçib. İndi o fidanların hər biri böyüyüb, qollu-budaqlı ağaclar olub və bar verir. Redaksiyanın həyətinə qədəm qoyan hər kəsin diqqətini cəlb edən bu bağ həm də asudə vaxtlarımızda dincəlməkdən zövq aldığımız, ad günlərimizi, əlamətdar tarixləri birgə qeyd etdiyimiz məkandır.
Hə, az qala unutmuşdum, bağımızda həm də tərəvəz məhsulları yetişdiririk. Dərmansız, bol vitaminli müxtəlif göyərtilər, pomidor, xiyar, bibər, badımcan, bir sözlə, hər şey, hər şey var bağımızda.
Respublikanın media aləmində “Kür”ün öz yeri, adı, nüfuzu var. Bu mövqe uzun səylər, zəhmətlər bahasına qazanılıb. Onun nüvəsində isə “Kür”çülərin jurnalistikaya, qəzetçiliyə sonsuz sevgisi dayanır. Bu sevgi illərin sınağından çıxıb, çətinliklərlə dolu keçid dövrünü şərəflə başa vurub. Başda baş redaktorumuz, əməkdar jurnalist, bir çox məşhur media mükafatlarının sahibi, “Tərəqqi” medallı Əminə xanım Yusifqızı olmaqla jurnalistikaya sevgimizin bir orijinal ifadəsi də bu bağdır. İndi bizimlə birlikdə bağbanımız Akif durur bağımızın xidmətində. Sağ olsun, biz necə məhəbbətlə yaratmışdıqsa bu bağı o da eyni məhəbbətlə qulluq göstərir ağaclara.
Heydər Əliyev prospekti, 26. Qəzetimizin yerləşdiyi ünvandır bura. Bir daha xatırladıram, bağımız da bu ünvandadır. Həm də indi  elə gözəl vaxtıdır ki… Və mən milli  mətbuatımızın 140 illiyində bu bağdan  reportaj hazırlamaqdan məmnunluq duyuram…

Keçidlər