Azərbaycan Prezidenti Ilham Əliyev Yevlax rayonuna gəlmişdir
Son beş ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Yevlaxda da mühüm işlər görülmüşdür. Şəhərdə abadlıq-quruculuq, tikinti işləri aparılmış, infrastrukturun yaxşılaşdırılması, sosial problemlərin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Bu dövrdə ümumi daxili məhsulun həcmi 344,1 milyon manat olmuş, bunda özəl sektorun payı 93,7 faiz təşkil etmişdir. Ötən illər ərzində Yevlaxda rəqabətədavamlı məhsul buraxan iri istehsal müəssisələri yaradılmışdır. 2008-ci ildə istehsal edilmiş 12 milyon 300 min manatlıq sənaye məhsulunun 6,6 milyon manatlığı ixrac olunmuşdur. 67 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Son beş ildə 12 mindən çox, o cümlədən 6272 daimi iş yeri açılmışdır. 2008-ci ildə bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 151,9 milyon manat olmuşdur. 2004-2008-ci illərdə 954 layihə həyata keçirilmiş, əhalinin təbii qaz və elektrik enerjisinə olan tələbatını ödəmək istiqamətində mühüm işlər görülmüş, təhsil və səhiyyə obyektləri tikilmişdir.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstələri qoydular. Parkda Azərbaycanın dövlət bayrağı ucaldılmışdır.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev parkda aparılmış yenidənqurma və bərpa işləri haqqında məlumat verərək bildirdi ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.