Şriftin ölçüsü :

Saytın rəngi :

HƏRBİ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ

10 fevral 2015 | 16:00

Yeni ilin qarlı günlərindən biri. Səhərə yaxın başlayan qar hələ yağmağında davam edirdi. Lakin bütün bunlara baxmayaraq, müstəqil dövlətimizin banisi ulu öndərin əzəmətli abidəsi önündəki meydanda böyük coşqunluq və izdiham var idi. Yeni ilin yurdumuza gəlişinin ilk günündə bir qrup yevlaxlı gənc həqiqi hərbi xidmətə yola düşürdü. Bu münasibətlə təşkil olunmuş təntənəli tədbir iştirakçıları,-gənc çağırışçılar, hərbi xidmətini başa vurub tərxis olunmuş həmyerlilərimiz, valideynlər və ictimaiyyət nümayəndələri Şəhər İcra Hakimiyyətinin Başçısı Qoca Səmədovu, hüquq-mühafizə orqanlarının rəhbərlərini və digər rəsmiləri alqışlarla qarşıladılar.
Şəhər rəsmiləri ulu öndərin abidəsi önünə təzə-tər gül-çiçək dəstələri düzərək rəhbərin əziz xatirəsini ehtiramla yad etdikdən sonra gənclərin hərbi xidmətə yola salınması münasibətilə təşkil olunmuş təntənəli tədbirə start verildi.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin yeni təyin olunmuş rəisi, polkovnik leytenant Elxan Heydərov geniş məruzə ilə çıxış etdi. O, ilk öncə çağırış yaşlı gəncləri həyatlarında ən əlamətdar və unudulmaz hadisə olan Milli Ordu sıralarında xidmət edəcəkləri münasibətilə təbrik etdi. Vurğuladı ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənabları uzun illərdir ki, ulu öndərin bizə ərmağan etdiyi müstəqil dövlətimizə ləyaqətlə rəhbərlik edir. Bu ötən illər ərzində Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də ölkənin müdafiəsi istiqamətində böyük və dinamik inkişaf yolu keçmiş, regionda qüdrətli dövlətə çevrilmişdir. Belə bir ordunun sıralarında xidmət etmək sözsüz ki, hər bir vətən övladının, hər bir gəncin ən ülvi arzularındandır. Mən sizə vətənimizin ərazi bütövlüyünün qorunması kimi  məsuliyyətli və şərəfli xidmətinizdə uğurlar arzulayıram.Valideynlər adından Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Yevlax rayon şöbəsinin sədri, şəhid atası Əziz Əzizov birazdan hərbi xidmətə yollanacaq gənclərə hərbi texnikanın idarə olunması və döyüş bacarıqlarının sirlərinə yiyələnməkdə qəhrəmanlıq, kişilik məktəbi olan ordu sıralarında xidməti vəzifələrində uğurlar arzuladı.Sonra təbrik üçün söz ŞİH Başçısı Qoca Səmədova verildi. O, öz çıxışında gənc çağırışçıları yeni ilin gəlişi münasibətilə təbrik etdi. Məhz möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının yüksək humanistlik, səbr və təmkinlilik nümayiş etdirərək dəfələrlə təcavüzkarları düşünməyə çağırdığını, işğal olunmuş torpaqlarımızın qan tökülmədən, siyasi danışıqlar yolu ilə azad edilməsi variantının mümkünlüyünü təklif etdiyini diqqətə çatdırdı. Onu da xüsusi qeyd etdi ki, Milli Ordumuzun Cənubi Qafqazda qüdrətli bir orduya çevrildiyi şəksizdir. Əgər lazım gələrsə, biz məhz yenilməz ordumuzun gücü ilə əzəli torpaqlarımızı erməni təcavüzkarlarından azad etməyə qadirik. Bu, böyük şərəf olardı ki, tezliklə torpaqlarımızın işğaldan azad olunması kimi qələbə sevincini hamımız birgə yaşayaq.Sonra iştirakçıların təntənəli alqışları altında ordudan yenicə tərxis olunmuş gənclərə hərbi biletlər paylandı. Çağırışçı gənclər isə müqəddəs bayrağımız önündə diz çökərək Vətənə sədaqətlə xidmət edəcəklərinə and içdilər.Beləcə sözlü, nəğməli, qarlı və şaxtalı abı-havada yevlaxlı gənclər onlar üçün ayrılmış avtobuslara əyləşərək Vətənin keşiyinə yollandılar.

Keçidlər