Yevlaxda iftar süfrəsi təşkil edilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilən iftar süfrəsində Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının, rayonun hüquq mühafizə orqanlarının, Rayon Ağsaqqallar Şurasının rəhbərləri, “Seyid Yusif Ağa” Ziyarətgahının rəhbəri Seyid Səbuhi Yusifov, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri, Çernobıl əlilləri və aztəminatlı ailələr iştirak ediblər.
Mərasim “Qurani-Kərim”dən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Yevlax “Cümə” məscidinin imamı Hacı Eldəniz Əhmədov müqəddəs kitabımız olan “Qurani Kərim”in bizə nazil olduğu bu ayın fəzilətindən danışdı.
Mərasimdəki çıxışında Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev iftar süfrəsində iştirak edənləri salamlayaraq bildirib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Ölkəmizdə vicdan azadlığı və tolerantlığın Ulu Öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulduğunu və bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayıb. Anar Tağıyev dövlətimizin başçısının apardığı siyasət nəticəsində ölkəmizdə tolerantlıq ənənələrinin daha da möhkəmlənməsindən, bir çox məscid və dini ibadət yerlərinin əsaslı təmir olunmasından danışaraq deyib ki, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni dəyərlərinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. O, Azərbaycanın Birinci Vitse Prezidenti Mehriban Əliyevanın azərbaycançılıq naminə, milli-mənəvi irsimizin qorunması istiqamətində, ölkə daxilində və xaricində uğurlu fəaliyyətini qeyd edib. Milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısı barədə ətraflı məlumat verib.
Qeyd edib ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı, ədalət bərqərar oldu və bu gün şəhid olan övladların ruhları şaddır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırdı.
Tədbirdə iştirak edənlər Azərbaycanın bugünkü sabitlik və iqtisadi inkişaf yolunda yorulmadan çalışan Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.