Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏHƏRİMİZDƏ 20 YANVAR FACİƏSİNİN 25-Cİ İLDÖNÜMÜ QEYD EDİLDİ

10 fevral 2015 | 16:00

Zaman çox vaxt tarixin bizdən uzaqlaşdırdığı  bir çox hadisələri yaddaşlardan silir. Lakin keçdiyimiz yollarda elə anlar olur ki, onlar təkcə bir şəxsin deyil, bütöv bir xalqın taleyi üçün böyük əhəmiyyət kəsb etdiyindən tarix onları bizdən uzaqlaşdıra bilmir və heç vaxt unudulmur. Zaman etibarı ilə bu hadisələrdən nə qədər çox uzaqlaşırıqsa, onların bu günümüzə yox, sabahımıza da təsirini daha aydın başa düşür və dərk edirik. 1990-cı ilin yanvar ayında Bakıda baş verən qanlı hadisələr  heç zaman yaddaşlardan silinməyəcək, gənc nəsillərə örnək kimi xatırlanacaqdır.
Həmin hadisələrdən 25 il keçir. Azərbaycan xalqı və dünyanın tərəqqipərvər və sülhsevər insanları Moskvanın qoltuğuna sığınan erməni millətçilərinin törətdiyi heç bir qanuna, insanlığa sığmayan ağır cinayətləri unutmayacaqdır. Artıq tarixə çevrilmiş kədərli, kədərli olduğu qədər də məğrurluqla, qəhrəmanlıqla yadda qalan 20 Yanvar günlərini xalqımız kövrək xatirələrlə yaşayır.
Şəhərimizdəki Şəhidlər xiyabanında Ümumxalq hüzn gününə həsr olunmuş ümumrayon tədbirində həmin tarixə bir daha nəzər salındı.
Əvvəlcə şəhər rəsmiləri və ictimaiyyət nümayəndələri şəhid məzarlarını ziyarət etdilər, üzərinə gül dəstələri qoydular.
Tədbiri ŞİH Aparatında böyük məsləhətçi Vaqif Əliyev açdı və çıxış üçün sözü Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının Aparat rəhbəri Əli Quliyevə verdi.
Ə. Quliyev bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində Azərbaycan  tarixində qanlı hadisələrdən biri baş verdi. Keçmiş imperiyanın ağır hərbi texnika ilə silahlanmış ordusu bir neçə istiqamətdən şəhərə hücum edib əliyalın dinc əhalini gülləbarana tutdu. Heç bir günahı olmayan dinc əhali tankların hücumuna məruz qaldı. Ölənlərin cəsədləri tanınmaz hala düşdü. İmperiya əsgərləri nə qədər amansız  olsalar da, xalqımızın iradəsini qıra bilmədilər, azadlıq təşnəsini, müstəqillik arzusunu söndürə bilmədilər. İllərin təqviminə 20 Yanvar tarixi qara hərflərlə yazılıb. Artıq 25 ildir ki, həmin tarix xalqımız tərəfindən Hüzn günü kimi qeyd edilir.

Rayonun Aşağı Bucaq kənd ümumi orta məktəbinin tarix müəllimi Sevda Məmmədovanın da çıxışında o məşum gecənin dəhşətlərindən bəhs olundu.
20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə şəhər məktəbliləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qalibi, 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Qöncə Ağayeva öz inşasını oxudu.
Sonra Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov çıxış etdi. O, azadlığımız və müstəqilliyimiz, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən Vətən övladlarının adının hər zaman uca tutulduğundan, bu yolda sağlamlığını itirmiş insanlara göstərilən diqqət və qayğıdan danışdı:-»Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bu günkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir»-deyən möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində Qarabağ  müharibəsi əlilləri və şəhid ailələri üçün yeni yaşayış binaları tikilir, əlillərin sağlamlığının bərpası üçün mərkəzlər inşa edilir, onlar minik avtomobilləri ilə təmin edilirlər. Respublikamızın iqtisadiyyatı inkişaf etdikcə əhalinin, o cümlədən də şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin güzəranı günbəgün yaxşılaşır.
Tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin  teatr kollektivinin 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr etdikləri ədəbi-bədii kompozisiya nümayiş olundu.
Sonda tədbir iştirakçıları məktəblilərin 20 Yanvar faciəsinə həsr etdikləri rəsm sərgisinə baxdılar.

Keçidlər