Yevlaxda Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olundu
Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş igidlərin ailələrinə və Vətən müharibəsi iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev qeyd etdi ki, Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə ilə ermənilərin "məğlubedilməzlik" mifi cəmi 44 gün ərzində darmadağın oldu.Bununla da tarixi ədaləti bərpa edən Qələbəmiz Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olundu.
Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxışında Ölkə Rəhbəri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən danışıb, şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Şəhər rəhbəri Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən təltif edilən hərbi qulluqçuları təbrik edərək şəhidlərimizə rəhmət dilədi, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzuladı.
Daha sonra çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov Vətən müharibəsi iştirakçılarının göstərdikləri şücaətlərdən, onların Vətən sevgisinin Azərbaycan gənclərinə böyük örnək olduğundan söz açmış, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacağını, onların əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd etmişdir.
Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda Ölkə Prezidentinin müvafiq Sərəncamlarına əsasən müxtəlif medallarla təltif olunmuş Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və veteranlarına medallar təqdim olunub.