Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı növbəti səyyar qəbul keçirdi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev rayonun Yuxarı Qarxun kəndində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə qrafikə uyğun olaraq növbəti səyyar qəbul keçirdi. Qəbulda Milli Məclisin Yevlaxdan seçilmiş deputatı İlham Məmmədov da iştirak edirdi. Qəbul zamanı Şəhər İcra Hakimiyyətinin Başçısı və Millət vəkili tərəfindən hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilib.
Kənd sakinlərinin səsləndirdikləri məsələlər aidiyyatı üzrə məsul şəxslərin iştirakı ilə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli üçün araşdırma tələb edilən məsələlərlə bağlı aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verildi. Millət Vəkili İlham Məmmədov tərəfindən öz səlahiyyətləri daxilində olan müraciətlər müvafiq qurumlara çatdırılması üçün nəzarətə götürülüb.
Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbulunu razılıqla qarşılayan sakinlər göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.