Şriftin ölçüsü :

Saytın rəngi :

RAYON POLİS ŞÖBƏSİ VƏ RAYON PROKURORLUĞUNUN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ BİRGƏ KEÇİRDİYİ «NARKOMANİYAYA «YOX» DEYƏK» ADLI SİLSİLƏ TƏDBİRLƏR BAŞA ÇATDI

12 yanvar 2015 | 16:00

3 nömrəli tam orta məktəb, Elektron kitabxana, Xaldan kənd kompleks orta məktəbi, Aran qəsəbə mədəniyyət evi, Yuxarı Qarxun kənd tam orta məktəbindən sonra Rayon Polis Şöbəsi və Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə keçirilən «Narkomaniyaya «yox» deyək» adlı sonuncu, sayca altıncı tədbiri Kövər kənd tam orta məktəbin olduqca müasir və geniş zalında baş tutdu.
Tədbirdə Kövər də daxil rayonun Malbinəsi, Qoyunbinəsi, Qaramanlı, Qaraməmmədli və Rüstəmli kənd məktəblərinin şagirdləri, müəllimlər və valideynlər iştirak edirdilər.
Həmişəki kimi tədbiri Yevlax rayon Qadınlar Şurasının sədri Əminə Yusifqızı açdı, mövzu haqqında məlumat verdi və təşkilatçıları təqdim etdi.
Sonra Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Natiq Məşədiyevə söz verildi. O, bəşəriyyətin bəlasına çevrilmiş narkomaniyaya qarşı mübarizədə rəhbərlik etdiyi qurumun həyata keçirdiyi tədbirlərdən danışdı. Xüsusi vurğuladı ki, bütünlükdə dünya üçün problemə çevrilmiş narkomaniyaya qarşı mübarizənin effektliliyi cəmiyyətin bu işdə fəallığından asılıdır.

N.Məşədiyev daha sonra auditoriyanın əsasən yeniyetmələrdən ibarət olduğuna diqqəti çəkərək azyaşlılar arasında cinayət hadisələrindən, erkən nikah və zərərli dini cərəyanlar haqqında, onların gənclərin həyatında elə narkomaniya qədər təhlükəli bir amil olması barədə də danışdı.
Rayon prokurorunun müavini Mülküm Mahmudov da öz növbəsində «ağ ölüm»ün insanların, xüsusilə də gənclərin həyatına gətirdiyi faciələrdən söz açdı, zərərli vərdişlərdən uzaq olmağın yolunun elmdən, təhsildən keçdiyini vurğuladı.
Sonra şagirdlərdən Emin Qiyaslının, Tacir Əsgərovun, Leyla Vəliyevanın, Bəhruz Musayevin, Əvəz Rəhimovun, Nərmin Bəşirzadənin, Sahib Hətəmovun, Aysu Şikarlının və başqalarının sualları cavablandırıldı.
İştirakçılar üçün ən maraqlı an tədbirdə nümayiş etdirilən videolent və narkomaniya asılılığı üzündən valideynlərini, var-yoxunu, ailəsini, övladlarını itirən narkomanla canlı ünsiyyət idi. Düçar olduğu bəladan, bu üzdən də yaxşı nəyi vardısa itirməsindən təəssüf hissi ilə danışan narkotik istifadəçisi uşaqlara təkrar-təkrar səsləndi:-Bu yolun sonu yoxdur, yaxşı insanlarla dostluq edin, elm, bilik sahibi olun.
Şəhər Təhsil Şöbəsinin müdiri Raquf Mirzəyev belə maarifləndirici tədbirlərin keçirilməsini təqdirəlayiq hesab etdi və təşkilatçılara minnətdarlığını bildirdi ki, bu əhəmiyyətli tədbirdə rayonun bütün ümumtəhsil məktəblərinin iştirakı təmin olunub.
Sonda Natiq Məşədiyev  iştirakçılara, o cümlədən sisilə tədbirlərin yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Keçidlər