Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda ikinci kitabın təqdimatı keçirildi

08 aprel 2022 | 16:00

Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Vətən müharibəsidə   şəhid olmuş Yevlaxlılara həsr edilmiş ikinci kitabın - “Biz Vətən üçün doğulduq” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının rəhbərliyi , şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, sonra vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bildirdi ki, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dahi sərkərdəliyi ilə Şanlı Qələbə qazandığımız 44 günlük Vətən müharibəsində Yevlaxın yüzlərlə qəhrəman övladı döyüşə atıldı, Vətən uğrunda səfərbər oldular. Suqovuşandan Şuşayadək Zəfər yolu keçdilər. Vətən müharibəsində Yevlaxdan 65 igidimiz şəhadətə yüksəldi Onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir. Bu gün hər birimizin qəlbində böyük qürur və iftixar hissi  vardır.  Çünki yad etdiyimiz hər bir şəhidimiz öz şəhadətləri ilə Vətən tarixinin ən şanlı səhifələrinin müəlliflərindən olublar. Onlar elə böyük qəhrəmanlıqlara imza atıblar ki, xalqımız əsrlər boyu bu igidlərin adlarını yaddaşlarda saxlayacaq, daim nümunə kimi qəbul edəcəklər. Onilliklər keçəcək, bizlər həyatda olmayacağıq və yəqin ki, unudulacağıq. Ancaq bu gün xatirələrini yad etdiyimiz doğma şəhidlərimiz daim xatırlanacaq, bütün dövrlərdə Azərbaycanın, Yevlaxın qürur mənbələri olacaqlar.
Anar Tağıyev qeyd etdi ki, bizim borcumuz şəhidlərimizin qəhrəmanlıqlarını yazılı tarixə çevirmək, onu yeni nəslə konkret faktlarla çatdırmaqdır. Bu gün təqdimatına toplaşdığımız növbəti, ikinci kitab olan «Biz Vətən üçün doğulduq» kitabı da məhz bu amalın, bu niyyətin nəticəsində meydana çıxıb.
Kitabın müəllifi, Yevlaxın “Kür” qəzetinin baş redaktoru, “Əməkdar Jurnalist”  Əminə Yusifqızı, şəhid kapitan Kamran İsmayılovun anası Şərafət Mehdiyeva, Milli Məclisin deputatı İlham Məmmədov, Vətən Müharibəsi Veteranı Faiq Rəhimov və başqaları Vətən müharibəsində qazanılan Qələbə və onun əhəmiyyəti, şəhidlərimizin xatirəsinin yaddaşlarda saxlanlması və gənc nəslin vətənpərvər ruhda tərbiyəsi işində bu kitabların əhəmiyyətindən danışdılar və kitabın hazırlanmasında əməyi olanlara təşəkkür etdilər.
Tədbirdə Yevlax məktəbliləri və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.
Sonda tədbir iştirakçılarına «Biz Vətən üçün doğulduq» kitabı təqdim olundu.


                                   

  

 

Keçidlər