Yevlaxda yeni asfalt yolun inşasına başlanılıb
Son illərdə Yevlaxda sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edən bir sıra sosial infrastruktur layihələri həyata keçirilib. Belə ki, yeni kanalizasiya sistemi qurulur, təhsil və məktəbəqədər tərbiyə müəssisələrinin tikintisi və əsaslı təmiri aparılır, elektrik sistemləri yenilənir, yeni yollar və körpülər salınır, rayon sakinlərinin digər problemləri öz həllini tapır. Aparılan bu işlərin tərkib hissəsi olaraq rayonun uzun illərdir təmirsiz vəziyyətdə olan Tanrıqulular kənd yolunun əsaslı təmirinə başlanılıb. 3 min nəfərə yaxın əhalisi olan Tanrıqulular kəndinin sakinləri yolun təmirsiz olması ilə bağlı əziyyət çəkirdilər.
Əsaslı təmirə başlanılan, Mingəçevir-Aran-Bəhrəmtəpə avtomobil yolunun 9-cu km-dən ayrılan Tanrıqulular kənd avtomobil yolunun uzunluğu 5,9 km-dir. Bu yol kəndin girişini, əhalinin ən çox istifadə etdiyi mərkəzi hissəsini, inzibati idarələr və orta məktəb yerləşən küçələri, həmçinin yeni salınmış yaşayış məhəllələrini əhatə edir.